“Abzas Media işi” üzrə 9 il azadlıqdan məhrum edilən araşdırmaçı jurnalist Hafiz Babalının səhhətində problemlər yarandığı bildirilib.
Bu barədə jurnalistin “Facebook” hesabında paylaşım edilib.
Paylaşımda qeyd olunub ki, Hafiz Babalının xüsusilə ayağı ilə bağlı ciddi problemlər meydana çıxıb.
“Onun ayağında göyərmə, qızartı və açıq yaralar əmələ gəlib. Müəssisənin həkimi vəziyyətin ciddi olduğunu təsdiqləyib və təcili tibbi müdaxiləyə ehtiyac olduğunu bildirib”, – paylaşımda vurğulanıb.
Hafiz Babalı 2023-cü ilin dekabrında “Abzas Media işi” çərçivəsində saxlanılıb. Bu iş üzrə onunla birgə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, layihə koordinatoru Məhəmməd Kekalov, jurnalistlər Elnarə Qasımova, Nərgiz Absalamova və “Azadlıq Radiosu”nun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə də həbs edilib.
2025-ci il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsi Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı və Fərid Mehralızadəni 9 il, Nərgiz Absalamova və Elnarə Qasımovanı 8 il, Məhəmməd Kekalovu isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edib. 2025-ci il sentyabrın 9-da Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
Beynəlxalq media və insan haqları təşkilatları bu işi Azərbaycanda azad medianın susdurulmasına yönəlmiş kampaniyanın tərkib hissəsi kimi qiymətləndirirlər.
Hafiz Babalının səhhətində problemlər yarandığı bildirilir