Bismilləhir-Rahmənir-Rahim
Son günlərdə ölkədə növbəti dəfə həbs dalğası başlayıb. AXCP sədri Əli Kərimli və partiyanın bir neçə funksioneri əsassız və qondarma ittihamlarla saxlanılıb. Onlara “hakimiyyəti zorla ələ keçirmə”, “xəyanət” və sair ittihamlar yönəldilir. Hal-hazırda müzakirə mövzusu budur ki, Əli Kərimli müdafiə olunmalıdır, ya yox?
Biz bir qrup ruhanilər, ziyalılar, ictimai fəallar və jurnalistlər olaraq vurğulamaq istəyirik ki, mövzu konkret şəxs - Əli Kərimli deyil. Əsas prinsip budur ki, əgər ölkədə hər hansı bir vətəndaş etmədiyi əməllərə görə həbs olunursa, o, müdafiə olunmalıdır.
Baxmayaraq ki, Qəzza məsələsində müxalif düşərgə aydın və prinsipial mövqe nümayiş etdirmədi, biz zülmə məruz qalan hər bir tərəfin müdafiəsini ilahi və insani borc hesab edirik.
Dünyanın harasında olursa-olsun, bir insana zülm edilirsə, ona sahib çıxmaq ilk növbədə müsəlman vəzifəsidir.
Digər tərəfdən qeyd edilməlidir ki, Əli Kərimli və ya istənilən başqa bir şəxs bu ölkədə hakimiyyətə iddialıdırsa və sivil, hüquqi və demokratik yollarla bu iddianı irəli sürürsə, bu niyə cinayət hesab olunmalıdır? Bugünkü hakimiyyət də bir zamanlar hakimiyyətdə deyildi, lakin indi hakimiyyətdədir. Bu məntiqə görə onlar da vaxtilə “hakimiyyət iddiası”na görə cinayət etmiş olurlar? Hansı hüquqa görə mövcud hakimiyyət daima hakimiyyətdə qalmalıdır və digər şəxslərin hakimiyyət iddiası “qadağa” kimi təqdim olunur?
Bu gün kimlərsə hakimiyyətə iddia edirsə, dərhal “hakimiyyəti zorla ələ keçirmək” damğası vurulur. Halbuki ölkədə nə vaxt, harada və kim tərəfindən silahlı güc tətbiq edilib? Bununla bağlı hansı sənəd, sübut və ya görüntü mövcuddur? Yoxdur.
Sonda bunu da qeyd etmək yerinə düşər ki, Əli Kərimliyə və başqalarına bu ittihamları irəli sürənlər özləri dünyanın müxtəlif ölkələrində faktiki olaraq silah gücünə hakimiyyətə gəlmiş şəxslərlə görüşür, onlarla əməkdaşlıq edir, rəsmiyyət tanıyır və səfirlik mübadiləsi aparırlar. O zaman sual olunur: onlar cinayətkar deyillər? Məsələn, Suriyada silah gücünə hakimiyyəti ələ keçirən Culaninin “idarəçiliyini” qəbul edib görüşdünüz. O cinayətkar deyilmi? Və sizin onun kimilərlə görüşməyiniz nə üçün cinayət hesab edilmir?
AZRİB- Azərbaycan Ziyalı və Ruhanilər İctimai Birliyi
Zülmə qarşı çıxmaq müsəlmanın vəzifəsidir