“Nardaran” hadisələrində həbs olunanlardan cəzaçəkmə müəssisələrində kimlər qalıb?

26 noyabr Nardaran hadisəsinin növbəti ildönümüdür. Hadisə barəsində mətbuatda kifayət qədər məlumat əks olunub. Rejim mediasının yayımladığı saxta məlumatlar zaman keçdikcə öz həqiqətini daha çox insana göstərdi və bu gün 2015-ci ilə nisbətən o qanlı hadisəni daha aydın görmək mümkündür.
Hadisə zamanı 10 nəfər güllə yarası almış, 4 yerli sakin və 2 polis əməkdaşı olmaqla 6 nəfər dünyasını dəyişmişdir. Bu gün də həmin şəhid mülki vətəndaşlar — Bunyadov Fərail, Bunyadov Rəfail, Səfərov Sarvan və Babayev Əkbər — məzarları üzərində polis nəzarət postları mövcuddur və ailə üzvləri istisna olmaqla, heç kim o məzarları ziyarət edə bilmir.
Ümumilikdə kəndi əhatə edən keçid məntəqələri silahlı polis işçiləri tərəfindən nəzarət olunur və kəndə daxil olmaq istəyən hər kəs yoxlanılır. Bu məntəqələr ölkələrarası sərhəd postlarını xatırladır və 10 il boyunca müntəzəm yoxlanış olmadan kəndə heç kəsi buraxmayıblar.
Həbslərə gəlincə, 2015–2016-cı illərdə baş verən hadisə zamanı 100-dən artıq şəxs 1–3 il azadlıqdan məhrum edilmiş və onların hamısı artıq həbs dövrünü başa vuraraq azadlığa çıxıb.
Hadisə zamanı 43 nəfər 10–20 il azadlıqdan məhrum olunmuşdur ki, onlardan 5 nəfəri istisna olmaqla, digərləri müxtəlif zamanlarda imzalanan əfv sərəncamları ilə azadlığa buraxılıb. Hələ də həbsdə olan 5 nəfər isə bunlardır: Tale Bağırzadə, Cabbar Cabbarov, Seyfəddin Şirvanov, Abbas Hüseyn və Cahad Babakişizadə.
Hazırda Tale Bağırzadə, Cabbar Cabbarov və Cahad Babakişizadə Umbakıda ciddi qapalı rejimli müəssisədə, Abbas Hüseyn 11 saylı, Seyfəddin Şirvanov isə 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkirlər.
Nardaran hadisəsi zamanı həbs edilərək sonradan əfv sərəncamı ilə azadlığa çıxmış bir çox inanclılar, sonrakı dövrdə kütləvi həbslər zamanı yenidən azadlıqdan məhrum ediliblər və bu gün hələ də məhkumdurlar.