Bağışlayan və Mehriban Allahın adı ilə!
İnancın əsası!
İslam vicdanın səsi ilə ədaləti axtaran şəxsə xitab edir.
Buna insanın mənfəətlərinin ədalətli olduğu üçün deyil, ədalətin özünün insani bir dəyər olduğu üçün edir.
İslamın təməli olan Quran sadəcə xüsusi sinif və tayfa üçün deyil, bütün insanlar üçün ədalət prinsiplərini istəyir. Quran insanları özünə çəkmək üçün faşizm və başqa cərəyanlar kimi insanların irqi təəssübkeşliyindən istifadə etmək istəmir və ya irqi kimlik və mənfəətpərəstliklərindən faydalanaraq onları şəxsi mənfəətlər uğrunda ayağa qaldırmır. Çünki o zaman qazandığı tərəfdarlar haqq və ədalətə deyil, ancaq şəxsi mənfəət və istəklərə əsaslanmış olar.
Quran insanın ağla söykənən fitri bir vicdana sahib olduğunu müdafiə edir. Məhz bu haqq və ədalətsevərlik fitrətinə söykənərək onu hərəkət etdirməyə çalışır. Digər ideologiyaların əksinə olaraq, fəhlə, əkinçi və s. kimi yalnız xüsusi bir təbəqəni himayə edib onların mənfəətlərini müdafiə etmir. Quran cəmiyyətdə ədaləti bərpa etmək üçün gəldiyini vurğulayır.
Hədid surəsinin 25-ci ayəsində buyurulur ki:
“Şübhəsiz ki, biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə göndərdik və onlarla birlikdə Kitab və mizan — ədalət tərəzisi — nazil etdik ki, insanlar ədalətlə hərəkət etsinlər.”
Buna görə də Quran sadəcə fəhlə, əkinçi, yoxsul və zəiflərə müraciət etmir; o həm zalimi, həm də məzlumu haqq yoluna dəvət edir.
Həzrəti Musa Allahın əmrlərini bir tərəfdən İsrail oğullarına, digər tərəfdən Firona çatdırırdı və onu Allaha iman gətirməyə dəvət edirdi. Həzrəti Mühəmməd (s) də öz risalətini Qüreyş başçılarına çatdırmaqla yanaşı, Əbuzər, Əmmar və başqalarını da yaddan çıxarmırdı.
İnancının əsası ədalət prinsipi olan İslam dini təkcə dünyadakı məzlum və məhrumlara deyil, həm də rifah və rahatlıq içində yaşayan insanlara tövbə edib doğru yola dönmələri üçün yol göstərir. Maddiyyat aləminə meyl edənlər ədalətə doğru istiqamətlənmək üçün hər şeydən əvvəl öz şəxsi və irqi mənfəətlərini ayaqları altına atmalıdırlar.
Quran bildirir ki, ona ancaq ruhları təmizlənmiş insanlar inanacaqdır. İnsanlar maddi mənfəət və dünyəvi cazibələr üçün deyil, fitrətlərində olan ədalət və haqqsevərlik duyğusunun tələbi ilə Qurana inanmalıdırlar.
Bu tələbə inanan hər bir kəs ağıl sahibi olduğu təqdirdə həyatının müsbətə doğru dəyişəcəyini bilməlidir. Bu dəyişiklikdə də Allahın həmin qövmün müqəddəratını dəyişəcəyinə heç şübhəsi olmamalıdır. Çünki Qurani-Kərimin Rə’d surəsinin 11-ci ayəsində yaxşıya doğru dəyişmək istəyənlər haqqında deyilir ki, “Hər hansı bir xalq özünün həyat tərzini dəyişmədikcə, Allah onların halını dəyişməz.”
Vəssələmu ələykum və rəhmətullah və bərəkətuh.
Vicdan məhbusu Hacı Nahid Qəhrəmanov
“Hər hansı bir xalq özünün həyat tərzini dəyişmədikcə, Allah onların halını dəyişməz.”