İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov “APA-Economics”ə müsahibəsində bildirib ki, gələn ildən Azərbaycanda elektrik və hibrid avtomobillərin istehsalı planlaşdırılır.
O əlavə edib ki, gələn il yanvarın 1-dən hibrid və elektrik avtomobillərin idxalına ƏDV tətbiq edilməsi bu sahə üzrə “istehsalın stimullaşdırılmasına, daxili bazarın qorunmasına və avtomobil istehsalında lokallaşdırmanın dəstəklənməsinə” yönəlib.
Açıqlamaya sosial media hesabında münasibət bildirən iqtisadçı Natiq Cəfərli isə deyib ki, hökumət “rəsmən insanları dolayıb”.
“Hansı yerli avtomobil, hansı istehsal? Azərbaycanda avtomobil istehsalı yoxdur, vintaçanla yığım var, o da ki, benzinlə işləyən avtomobillərdir. Hardadır o yerli istehsal olan elektrik və hibrid maşınlar? Hökumət, ümumiyyətlə, ‘istehsal’ nəyə deyir, necə görür?”, - o sual edib.
İqtisadçı nümunə üçün bildirib ki, Türkiyədə 13 avtomobil zavodu var və bu sənayedə 410 min insan çalışır.
“Yoxsa təkcə təkərinin havası yerli olan, vintaçanla maşın yığırlar, o da satılmır. Yığılan maşınların yarıdan çoxunun ‘müştərisi’ dövlət-hökumət orqanlarıdır, yəni büdcədir. Adını da ‘istehsal’ qoyurlar. Bu qədər də olmaz da. Deyin ki, bacarıqsız fəaliyyətimiz nəticəsində primitiv iqtisadi model yaranıb, indi gəlirlər azalır, biz də vergi, rüsum, cərimələri artırırıq ki, büdcədə yaranmış problemləri həll edək. Belə deyin, daha səmimi görünəcəksiniz, hər açıqlamanız da bu qədər etiraz doğurmaz”, - o əlavə edib.
Bizdə vergi, rüsum, cərimələr artır ki, büdcədə yaranmış problemləri həll etsinlər