Süveyda yenidən alovlandı: Druzlarla HTŞ qüvvələri arasında ağır döyüşlər gedir

Süveyda vilayətində gərginlik yenidən şiddətlənib

Suriya Respublikasının cənubundakı Süveyda vilayətində Druz döyüşçüləri ilə Heyət Təhrir əş-Şam (HTŞ) silahlıları arasında genişmiqyaslı toqquşmaların yenidən alovlandığı bildirilir. HTŞ-nin ölkə üzrə faktiki hakimiyyəti altında dərinləşən məzhəb qarşıdurmaları bölgədə gərginliyi daha da artırıb.

Yerli mənbələrin məlumatına görə, vilayətin bir neçə cəbhəsində yüngül və ağır silahlardan istifadə olunmaqla intensiv döyüşlər gedir.

 

Ən ağır döyüşlər qərbi Süveyda istiqamətində

Ən qızğın qarşıdurmaların Əl-Məcdəl və Rimat Hazem ətrafında yaşandığı qeyd olunur. Hər iki tərəf bölgəyə əlavə qüvvələr göndərir. Yerli mənbələrə görə, eyni zamanda İsrailə məxsus döyüş təyyarələri bölgə üzərində patrul uçuşları həyata keçirib.

Suriya dövlət telekanalı “Əl-İxbariyyə” təhlükəsizlik mənbələrinə istinadən Druz döyüşçülərinin Tal əl-Aqra və Əl-Məzra bölgələrindəki HTŞ mövqelərini hədəf aldığını açıqlayıb.

 

Gərginlik iyul hadisələri ilə başladı

Cənubda vəziyyət iyulun 13-dən etibarən pisləşməyə başlayıb. Həmin gün Druz döyüşçüləri ilə Bədəvi tayfalarına bağlı silahlılar arasında torpaq və resurs bölgüsü səbəbilə toqquşmalar baş verib.

Gərginlik iyulun 14-də HTŞ hərbi birləşmələrinin Süveyda vilayətinə göndərilməsi və 15-də şəhərə daxil olması ilə kəskin şəkildə artıb. Sakinlərin, hərbi müşahidəçilərin və jurnalistlərin bildirdiyinə görə, HTŞ qüvvələri həmin günlərdə ciddi pozuntular törədib.

Druz icmasının ruhani rəhbərliyi də HTŞ-nin ciddi qanun pozuntuları etdiyini açıqlayıb.

 

İsrailin hava zərbələri və HTŞ-nin geri çəkilməsi

Druz icmasını dəstəklədiyini iddia edən İsrail rejimi iyulun 16-da Dəməşqdə bir neçə strateji obyektə – o cümlədən Suriya Ordusunun Baş Qərargahına – hava zərbələri endirib.

Bunun ardınca HTŞ-nin “müdafiə nazirliyi” atəşkəs razılaşmasının əldə edildiyini və qüvvələrin Süveyda vilayətindən tam çıxarıldığını bəyan edib.

 

Əsədin devrilməsindən sonra ölkədə xaos dərinləşib

Bölgədəki bu son gərginlik, Suriyanın keçmiş prezidenti Bəşər Əsədin ötən ilin dekabrında devrilməsindən sonra ölkəni bürüyən ümumi sabitsizlik fonunda daha da ağırlaşıb.

Keçmiş Əl-Qaidə komandiri Əbu Məhəmməd əl-Colaninin rəhbərlik etdiyi HTŞ hazırda Suriyanın faktiki hakim qüvvəsi sayılır. Hüquq müdafiəçiləri və yerli sakinlər HTŞ idarəçiliyinin məzhəb gərginliyini artırdığını və zorakılığın dalğalar halında yayılmasına səbəb olduğunu bildirir.

 

Ölənlərin sayı minlərlədir

Süveyda vilayəti iyulun 13-dən bu yana ən qanlı toqquşmalarından birini yaşayıb. Fərqli mənbələr ölənlərin sayının 814-dən 1653 nəfərə qədər yüksəldiyini bildirir. Həlak olanların çoxu Druz icmasının üzvləridir. Onların mülki və ya döyüşçü olması barədə dəqiq məlumat yoxdur.

Əsədin devrilməsindən sonra Suriyanın ümumi mənzərəsi də ağırlaşıb. Britaniya mərkəzli Suriya İnsan Haqları Müşahidə Mərkəzi 2024-cü ilin dekabrından 2025-ci ilin oktyabrına qədər ölkə üzrə 10 955 nəfərin öldürüldüyünü açıqlayıb. Onların 8 422-si mülki şəxsdir. Müşahidələrdə sahə qətlləri, işgəncələr, adam oğurluğu və ayrım gözetməyən hücumların geniş yayıldığı qeyd edilib.

 

Ələvi və Kürd bölgələri də hədəfdədir

Son aylarda məzhəb yönümlü hücumlar Ələvi icmasına qarşı da artıb. HTŞ ilə Kürd qüvvələrinin tərkibindəki Suriya Demokratik Qüvvələri arasında şimal bölgəsində toqquşmalar oktyabr ayında əldə olunan atəşkəs razılaşmasına qədər davam edib.

İsrail rejimi Suriyanın post-Əsəd dövründəki qarışıqlıqdan istifadə edərək ölkənin müxtəlif bölgələrinə hava zərbələrini artırıb. Məqsədin Suriyanın daha çox ərazisinə nəzarət etmək və bölgədə mövqelərini genişləndirmək olduğu bildirilir.