Rusiyanın Kiyevə hücumu nəticəsində bir nəfər ölüb, 20-dən çox yaralı var

Rusiya Kiyevə növbəti dəfə dron və raket hücumu həyata keçirib.

Hücumu nəticəsində bir nəfər ölüb, yaralıları sayı 24-ə çatıb.

Bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib.

Onun sözlərinə görə, xəsarət alanlar arasında 10 yaşlı uşaq da var.

Tkaçenkonun məlumatına görə, Kiyevin Obolon rayonunda yaşayış binasının 7-ci və 9-cu mərtəbələri yanır.

Bundan başqa, Svyatoşin rayonunda da yaşayış binasında yanğın başlayıb (bundan əvvəl yalnız fərdi yaşayış evinin yandığı bildirilmişdi). Desnyan rayonunda da bir neçə yanğın hadisəsi qeydə alınıb.

Şevçenko rayonunda isə inzibati binanın yandığı bildirilir.

Ukrayna rəsmilərinin məlumatına görə, Rusiya tərəfindən həyata keçirilən hücum nəticəsində Kiyevdə təxminən 10 çoxmərtəbəli yaşayış binası zərər görüb.