Nəcməddin Sadıkovun adı keçən 42 milyonluq cinayət işində hökm oxunub

Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, Hərbi Təhsil və Tədris İdarəsinin baş zabiti olmuş, "Nəcməddin Sadıkovun yaxın adamı" kimi tanınan Zahid Niftəliyevə hökm oxunub.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə Z.Niftəliyevin vəkili çıxış edib.
O, təqsirləndirilənə ittiham olunduğu hər iki maddə üzrə baraət verilməsini xahiş edib.

42 milyonluq mənimsəmədə ittiham olunan Zahid Niftəliyev də son sözlə çıxış edərək məhkəmədən bəraət istəyib.

Hökmə əsasən, Zahid Niftəliyev 2 il müddətinə müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 il müddətinə azadlıqdan məhrum edilib. Ona təyin olunmuş əvvəlki hökm qismən toplanılaraq Zahid Niftəliyevə qəti olaraq 12 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Cinayət işinin materiallarında iddia olunurdu ki, Z.Niftəliyev məqsədli şəkildə "Shahin Co" adlı şirkət yaradaraq şirkətin maliyyə durumu, təsərrüfat fəaliyyəti haqda "Ata Bank"a yalan məlumatlar yazılmış sənədlər təqdim edib. 2016-cı ildə oradan 42.5 milyon manat kredit götürülüb.

İttihama görə, kredit bir il ərzində ödənilməliymiş, amma indiyədək ödənilməyib. Üstəlik, götürülən vəsaitin təyinatı üzrə xərclənmədiyi, mənimsənildiyi iddia edilir.

Z.Niftəliyev həbsdə olduğu müddətdə bu kreditə görə onun haqqında yenidən cinayət işi başlanıb. Ona Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə yeni ittiham verilib.

Z.Niftəliyev məhkəmələrinin birində deyib ki, onun adına bankdan götürülən 42 milyon manatın üzünü görməyib. O, həmin kreditin keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun göstərişiylə onun adına sənədləşdirildiyini vurğulayıb.

Z.Niftəliyev ifadəsində bildirib ki, general Sadıkov onu yanına çağıraraq kredit götürməkdən ötrü şirkət gərəkdiyini söyləyib: "Dedi ki, vergilər naziri Fazil Məmmədov dövlət üçün müəyyən iş görəcək, buna görə lazımdır. Bildirdim ki, adıma şirkət var, amma çoxdandır fəaliyyəti yoxdur".

"Şlyapa Zahid" ləqəbiylə tanınan Z.Niftəliyev 2022-ci ildə həbs olunub. O, N.Sadıkovla əlaqələrindən sui-istifadə edərək rüşvət almaqla müəyyən adamların xidmət yerini dəyişdirməkdə, ordudan tərxisində ittiham olunub.

Z.Niftəliyev çalışdığı dövrdə hərbi hissələrdən birinin hərbi qulluqçularını hər gün səhərdən axşamadək Qəbələ rayonunun Vəndam kəndindəki bağ evində fəhlə kimi işlətməkdə də suçlanıb.

Tərtər Hərbi Məhkəməsi 2023-cü ilin yayında 10 min manat cərimə cəzası ilə azadlığa buraxsa da, noyabrda Gəncə Apellyasiya Məhkəməsi yenidən onun həbsinə qərar verib. Z.Niftəliyev 8 il 6 ay azadlıqdan məhrum edilib.

Z.Niftəliyevin N.Sadıkovla yaxın münasibətlərinin olması cinayət işinin materiallarında, ifadələrdə də əksini tapıb.

Ancaq Niftəliyev özünü təqsirli bilmir və deyir ki, qərar verən şəxs olmayıb, kiminsə iş yerini dəyişmək, ordudan vaxtından əvvəl tərxis etmək kimi işlər onun səlahiyyətində deyilmiş. O, müdafiə naziri Zakir Həsənovun dindirilməsinə dair vəsatət qaldırdığını da söyləyir.

General-polkovnik N.Sadıkov 1993-2020-ci illərdə Azərbaycan Ordusunun Baş Qərargah rəisi olub. Son illər Tərtərdə hərbçilərə qarşı işgəncələr, Müdafiə Nazirliyi sistemində 143 milyon manatlıq mənimsəmə və başqa cinayət işlərindəki ifadələrdə onun adı çəkilir. Müxtəlif məhkəmə iclaslarında onun dindirilməsi barədə vəsatətlər qaldırılsa da, bunların heç biri təmin olunmayıb.