Vəkil: “Tofiq Yaqublu 13 kq çəki itirib, həyatına risk var”

Həbsdə olan müxalif siyasətçi, 22 gündür aclıq aksiyası keçirən Tofiq Yaqublunun həyatı risklə üz-üzədir. 

Bunu aprelin 22-də onunla görüşən vəkili Fəxrəddin Mehdiyev deyib. 

Mehdiyev bildirib ki, Yaqublunun vəziyyəti olduqca ağırdır və fiziki görünüşü pisləşib. O qeyd edib ki, siyasətçi aprelin 1-dən bu yana 13 kiloqrama yaxın çəki itirib. 

Yaqublu bu gün qızı Nigar Həziyə telefon zəngində deyib ki, gecə yata bilməyib və su içmək belə onun üçün işgəncədir. 

“Vəziyyət isə get-gedə daha daha kritikləşir. Hər an geridönməz hallar baş verə bilər. T.Yaqublu təcili mülki xəstəxanaya köçürülməlidir. Bu vəziyyət bir az da davam etsə, o, təcridxanada həyatını itirəcək”, - Nigar Həzi “Facebook” səhifəsində yazıb. 

Yaqublu martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib. 

O, Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq və saxta sənəd hazırlama və ya istifadə etmə maddələri ilə təqsirli bilinib. 

Siyasətçi ittihamları qurama sayır.

Bu, siyasətçinin ilk aclıq aksiyası deyil.

O, 2020-ci il martın 22-də həbsinə etiraz olaraq 17 gün aclıq etmişdi. Sonradan vəziyyəti pisləşdiyinə görə 4 il 3 aylıq həbs hökmü şərti cəza ilə əvəzlənmişdi.