Ciddi böyrək çatışmamazlığından əziyyət çəkən siyasi məhbus Elxan İsmayılov iyulun 25-də məhkəmənin qərarı ilə həbsdən azad edilib. Məhkəmə Penitensiar Xidmətin Elxan İsmayılov barəsində böyrək çatışmamazlığı diaqnozu səbəbindən dializ xəstəsi olan inanclının həbs çəkmək iqtidarında olmamasını təsdiqləyərək onu vaxtından əvvəl həbsdən azad edib.
Elxanın kəskin böyrək çatışmamazlığı diaqnozu 2024-cü ilin iyun ayından müəyyən olunub. Vəziyyətinin ağırlaşması səbəbindən Şüvəlan müvəqqəti saxlama təcridxanasından Penitensiar Xidmətin Müalicə Mərkəzinə köçürülən inanclıya burada böyrək çatışmamazlığı diaqnozu qoyulub.
O gündən Elxan, həftədə 3 dəfə olmaqla dializ mərkəzinə göndərilir. Bu onun yaşaması üçün həbsxana şəraitində mümkün olan yeganə vasitədir. Həbsdən azad olan günə qədər Elxan İsmayılov Penitensiar Xidmətin Müalicə Mərkəzində müalicə alıb.
Xatırladaq ki, Müsəlman Birliyi Hərəkatının üzvü olan Elxan İsmayılov inanclıların kütləvi həbsinin gerçəkləşdiyi zamanda, 2023-cü il 4 apreldə saxlanılıb. Narkotik ittihamı ilə şərlənən Elxan 2024-cü ilin mart ayının 6-da Sumqayıt Ağır Cinayətlər Məhkəməsində 4 il müddətinə azadlıqdan məhrum edilib.
MBH üzvü Elxan İsmayılov vaxtından əvvəl həbsdən azad olunub