İsrail orkestrinin Parisdəki çıxışı fəallər tərəfindən dayandırılıb

 İsrail orkestrinin Parisdəki çıxışı rəsmi Təl-Əvivin Qəzzadakı hərəkətlərini pisləyən etirazçılar tərəfindən dayandırılıb. Sənətçilər İsrailin hücumlarına reaksiya göstərən nümayişçilər səbəbindən səhnəni tərk etmək məcburiyyətində qalıblar.

Fələstin tərəfdarı fəallar Paris Filarmoniya Zalının qarşısında da aksiya keçiriblər. Fransada İsrailin Qəzzada həyata keçirdiyi hücumlarla bağlı tez-tez etiraz aksiyaları keçirilir.

Fransa daxili işlər naziri Loran Nunez rəsmi “X” səhifəsində etdiyi paylaşımda etirazla əlaqədar dörd nəfərin saxlanıldığını bildirib.

Keçən ilin sentyabr ayında 400-dən çox müğənni və sənətçi “Soyqırım törədənlərə musiqi yoxdur’’ adlı mədəni boykot kampaniyasına qoşularaq öz əsərlərinin İsrail musiqi platformalarından çıxarılmasını tələb etmişdi.

Kampaniya İsrailin Qəzzaya hücumları zamanı xüsusilə uşaqların və mülki insanların aclıq və yoxsulluqdan əziyyət çəkdiyini əks etdirən ürəkparçalayıcı görüntülərin yayılmasından sonra başlamışdı.

Boykot çağırışına həmçinin Massive Attack, Primal Scream, Japanese Breakfast, Carole King, Rina Sawayama və MØ kimi tanınmış sənətçilər də qoşulub.

2023-cü ilin oktyabr ayından bəri İsrailin Qəzzada törətdiyi hücumlarda əksəriyyəti qadın və uşaq olmaqla 69 minə yaxın fələstinli həyatını itirib, 170 mindən çox insan isə yaralanıb.