İspaniya Konqresində niqab qadağası rədd edildi

Konqresdə səsvermə və nəticə

İspaniya Deputatlar Konqresi ictimai məkanlarda niqab və üzü tam örtən örtüklərin qadağan edilməsini nəzərdə tutan qanun layihəsini qəbul etməyib. Təklif ifrat sağçı Vox partiyası tərəfindən irəli sürülmüşdü.

Çərşənbə axşamı keçirilən səsvermədə layihə 170 lehinə səsə qarşı 177 əleyhinə səs və bir bitərəf səslə geri qaytarılıb. Qanun təşəbbüsünü Xalq Partiyası (PP) və Vox dəstəkləsə də, bu, sənədin qəbul olunması üçün kifayət etməyib.

Səsvermədə həlledici rol oynayan Junts per Catalunya partiyası niqab qadağasına prinsip etibarilə müsbət yanaşsa da, Vox-un təqdim etdiyi layihəni dəstəkləməyəcəyini bəyan edib. Partiya sənədi “anti-Katalan və insan hüquqlarına zidd” kimi xarakterizə edib.

Junts bunun əvəzinə Avropa standartlarına uyğun olduğunu iddia etdiyi öz qanun layihəsini Konqresə təqdim edib.

 

Junts-un alternativ təklifi

Junts tərəfindən hazırlanan bir maddəlik qanun layihəsində ictimai yerlərdə niqab və bənzər örtüklərin qadağan olunması nəzərdə tutulur. Bununla belə, sağlamlıq və ya əmək təhlükəsizliyi kimi zəruri hallarda üzün örtülməsi istisna sayılır.

Partiya tam üz örtüklərini qadınları ictimai məkanda “görünməz edən vasitə” kimi qiymətləndirərək bunun bərabərlik prinsipi ilə uzlaşmadığını bildirib. Layihədə xüsusi cərimə nəzərdə tutulmur, lakin qadağaya əməl etməmək “itaətsizlik” kimi dəyərləndirilə bilər.

Sənəddə həmçinin təhlükəsizlik və şəxsiyyətin müəyyənləşdirilməsi sahəsində dövlət səlahiyyətlərinin Kataloniyaya verilməsi təklif olunur.

 

Partiyalar arasında dərin fikir ayrılığı

Siyasi reaksiyalar

Parlamentdə məsələ ətrafında ciddi fikir ayrılığı yaranıb. Xalq Partiyası sol partiyaları qadınları qorumaqda yetərsiz olmaqda ittiham edərək niqabı “parçadan həbsxana” adlandırıb.

Vox isə Junts-u “Kataloniyanın islamlaşmasına şərik olmaqda” və siyasi hesablar aparmaqda günahlandırıb.

Hakim İspaniya Sosialist Fəhlə Partiyası (PSOE) niqabı dəstəkləmədiklərini, lakin “fərqli olana qarşı nifrəti alovlandıran” təşəbbüslərə səs verməyəcəklərini açıqlayıb.

Sol ittifaq Sumar və Podemos isə təklifləri islamofob və ksenofob xarakterli adlandırıb. Bask Milliyyətçi Partiyası (PNV) mövzunun ekspertlərlə birlikdə daha sakit mühitdə müzakirəsi üçün xüsusi alt-komissiyanın yaradılmasını təklif edib.

Digər tərəfdən, Balear adaları parlamenti iki həftə əvvəl mərkəzi hökuməti niqabı qadağan etməyə çağıran qərar qəbul edib. Kataloniyada isə Xalq Partiyası oxşar təşəbbüsü yerli parlamentə çıxarmağa hazırlaşdığını bildirib.