Son günlər İranda baş verən kütləvi etirazlar həm regionda, həm də qlobal siyasətdə diqqətlə izlənilir. Tehrandan Abadana, Təbrizdən Məşhədə qədər uzanan aksiyalar ilk baxışdan hakimiyyət üçün ciddi təhlükə kimi görünə bilər. Lakin proseslərə daha dərindən baxdıqda, ortaya fərqli bir mənzərə çıxır.
Nəzarətli etiraz ehtimalı
İran rəhbərliyinin etirazlara tam gücü ilə dərhal son qoymaması təsadüfi görünmür. Tarixi təcrübə göstərir ki, İran təhlükəsizlik sistemi “profilaktik nəzarət” metodlarını yaxşı mənimsəyib. Etirazlara müəyyən həddə qədər imkan vermək, aktiv və potensial təhlükəli şəxsləri üzə çıxarmaq, onları ölkə üzrə müəyyən etmək və sonradan selektiv şəkildə cəzalandırmaq Tehranın əvvəllər də istifadə etdiyi taktikalardandır.
İnternetin demək olar ki, tam kəsilməsi, beynəlxalq telefon əlaqələrinin dayandırılması isə hakimiyyətin prosesi nəzarətdən çıxmış spontan inqilab deyil, idarə olunan böhran kimi gördüyünü göstərir.
Etirazların sosial bazası və zəif inqilab ehtimalı
Etirazların əsas səbəbi yüksək yaşayış xərcləri, iqtisadi böhran və sosial narazılıqdır. Lakin bu narazılıq hələ ki, ideoloji baxımdan vahid, təşkilatlanmış və liderli hərəkat səviyyəsinə yüksəlməyib. Etirazlar uzunmüddətli xarakter alarsa, nəzəri olaraq inqilabi mərhələyə keçə bilər, amma hazırkı mərhələdə bu ehtimal zəif görünür.
Burada əsas problem alternativ siyasi modelin və qəbul olunan lider fiqurunun olmamasıdır.
Rza Pəhləvi faktoru: simvol var, şans yoxdur
Bəzi şəhərlərdə “Yaşasın Pəhləvi” və “Pəhləvi qayıdacaq” şüarlarının səslənməsi diqqət çəksə də, bu daha çox nostalji və etiraz simvoludur, real siyasi perspektiv deyil. İran xalqının kollektiv yaddaşında Pəhləvi sülaləsi çox ağır miras qoyub.
1979-cu ildə şah Məhəmməd Rza Pəhləvi kütləvi və amansız xalq etirazları nəticəsində ölkədən qovulub. Onun ölkəni tərk edərkən böyük sərvətləri özü ilə aparması, Qərbdə rahat həyat sürməsi İranda monarxiyaya qarşı dərin nifrət yaradıb. Bu kontekstdə Rza Pəhləvinin real siyasi şansı yoxdur.
Xarici güclər və “istənməyən dəyişiklik”
Regionda və dünyada baş verən proseslər göstərir ki, bir çox güclər İran hakimiyyətinin zəifləməsini istəsələr də, rejimin tam dəyişməsində maraqlı deyillər. Çünki İranın dağılması və ya nəzarətsiz inqilab Yaxın Şərqdə domino effekti yarada bilər.
Tarixi fakt ondan ibarətdir ki, hazırkı İran siyasi sistemi Qərb – xüsusilə Fransa faktoru ilə formalaşıb və bu sistem bu gün də müəyyən dairələr tərəfindən qorunur. ABŞ isə hazırda Avropanı siyasi, iqtisadi və hərbi cəbhələrdə təzyiq altında saxlayır. Bu mənzərədə İran həm risk, həm də alət kimi diqqət mərkəzindədir.
ABŞ-ın ritorikası və real məqsədlər
Donald Trampın Tehrana qarşı sərt açıqlamaları daha çox psixoloji təzyiq xarakteri daşıyır. ABŞ üçün əsas məqsəd İranı nəzarət altında saxlamaq, onu zəiflətmək, lakin tamamilə çökməsinə yol verməməkdir. Çünki nəzarətsiz İran bölgə üçün daha təhlükəli ssenaridir.
Mövcud etirazlar emosional baxımdan güclü, lakin siyasi baxımdan zəifdir. İran hakimiyyəti bu prosesi hələlik idarə edə bilir. İnqilab üçün nə lider, nə ideologiya, nə də beynəlxalq konsensus mövcuddur. Rza Pəhləvi faktoru simvolik səviyyəni keçmir. Xarici güclər isə dəyişiklikdən çox balansın pozulmamasında maraqlıdır.
Bu səbəbdən indiki etirazlar inqilabdan daha çox, sistemin özünü yenidən tənzimləməsi və cəmiyyətdəki təzyiqi “boşaltması” kimi görünür.
İranda etirazlar: inqilabmı, yoxsa nəzarətli boşalma?