Gəncədə jurnalist Sevinc Sadıqovaya təzyiq edilib

Operativtv.com Turan-a istinadən xəbər verir ki, Müstəqil Reportyorlar Komitəsi bu qurumun üzvü  jurnalist Sevinc Sadıqovaya təzyiq olduğunu bildirib.

Bu, Gəncədə baş verib.  Jurnalist oraya Demokratik.az saytının rəhbəri, həbsdə olan Osman Rzayevin (Osman Nərimanoğlu) məhkəmə prosesinin işıqlandırılması ilə əlaqədar gedib.

Polis əməkdaşı Gəncə Ağır Cinayətlər Məhkəməsinin qarşısında jurnalistin çəkiliş aparmasına mane olub. Polis əməkdaşı və məhkəmə işçisi məhkəmənin vəzifəli şəxslərindən birinin avtomobili məhkəmə binasının qapısına yaxınlaşanda jurnalistin çəkiliş aparmasına mane olmağa başlayıblar. Sadıqovadan bu lüks avtomobili çəkməməyi tələb ediblər. Jurnalistin sözlərinə görə, polis hətta onun əlinə vurub.

Həmçinin mayın 26-da Göygöl Mərkəzi Rayon Xəstəxanasının həyətində polis əməkdaşı Sadıqovaya təzyiq göstərib. Polis onun çəkiliş aparmasına mane olmağa çalışıb.

Müstəqil Reportyorlar Birliyi jurnalist Sadıqovanın peşə fəaliyyətilə əlaqədar ona təzyiqləri pisləyib və bunu mətbuat azadlığının boğulması kimi qiymətləndirib.

Komitə jurnalistə təzyiqlərin videogörüntülərini dərc edib.

https://www.youtube.com/watch?v=bqg7F3pFsH0

https://www.facebook.com/100051564991212/videos/740098741130611

Müstəqil Reportyorlar Komitəsi mayın 3-də "Hüquq və Azadlıqların Müdafiəsi İnstitutu" tərəfindən təsis edilib. Qurumun rəhbəri hazırda xaricdə olan hüquq müdafiəçisi Avtandil Məmmədovdur.