Daha bir təhsil müəssisəsi 30-dan artıq hicablı qız şagirdi məktəbdən uzaqlaşdırdı

Fundamental azadlıqlardan biri olan təhsil almaq hüququ növbəti dəfə məktəb rəhbərliyi tərəfindən məhdudlaşdırılıb. Bu dəfə məcburi təhsildən uzaqlaşdırılma faktı Bakı şəhəri, Abşeron rayonu, 4 saylı tam orta məktəbdə qeydə alınıb.  

Mart ayının əvvəlindən hicabla məktəbə gələn şagirdlərə xəbərdarlıq edən məktəbin direktoru Elnurə Cavadzadə martın 11-dən etibarən 30-dan artıq şagirdin siniflərə daxil olmasını qadağan edib. Valideynlərin etirazlarını məktəbli formasında hicabın olmaması ilə əsaslandıran direktor, yalnız başı açıq şagirdlərin dərslərə buraxılacağını bildirib.  

Direktor məktəbin hüdudlarından kənarda hicabla gələnlərin, məktəb daxilində başlarını açmaqla dərsə qoşula biləcəklərini mümkün sayıb. O, hətta parik taxaraq dərsə gəlməyə icazə verildiyini, lakin hicabla heç bir şagirdə güzəşt edilməyəcəyini vurğulayıb.  

Valideynlərdən biri bildirib ki, bir neçə şagird israrla məktəbə gətirilsə də, direktorun göstərişi ilə onlar boş sinif otağında saxlanılıb və hicablarını açmayınca dərsə buraxılmayacaqları söylənilib.  

Beləliklə, 30-dan artıq şagird süni qadağanın qurbanı olaraq həftələrdir ki, 4 saylı məktəbdə təhsildən məhrum edilib. Dövlət Təhsil Nazirliyi, Regional Təhsil Baş İdarəsi və digər nəzarət qurumları isə hələlik bu məsələdə seyrçi mövqeyində qalırlar.