Azərbaycanda saytların bloklanması ilə bağlı səlahiyyətlər genişləndirildi

İyulun 10-da Milli Məclis “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişikliklər qəbul edib.

Yeni qaydalara əsasən, dövlət qurumları artıq daha çox hallarda internet resurslarına məhkəmə qərarını gözləmədən müvəqqəti giriş məhdudiyyəti tətbiq edə biləcək.

Əvvəllər bu səlahiyyət yalnız dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yarandığı və ya insanların həyat və sağlamlığı üçün real təhlükənin mövcud olduğu təxirəsalınmaz hallarda istifadə edilirdi.

Qəbul edilən dəyişikliklərə əsasən, təhqir, böhtan, şəxsi həyata müdaxilə, narkotik vasitələrin təbliği, pornoqrafik materialların yayılması, qumar oyunlarına təşviq və intiharın təbliği ilə bağlı məlumatların yerləşdirildiyi iddia olunan internet resursları da məhkəmə qərarı olmadan müvəqqəti bloklana biləcək.

Bundan əlavə, uşaqlar üçün yaş məhdudiyyəti göstərilməyən film və oyunlar, eləcə də ictimai təhlükəsizlik üçün təhlükə yarada biləcək yalan məlumatların yayılması da bloklama əsasları sırasına daxil edilib.

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun 1998-ci ildə qəbul olunub və həmin dövrdə internet resurslarına giriş yalnız məhkəmə qərarı əsasında məhdudlaşdırılırdı.

2017-ci ildə qanuna əlavə edilən müddəaya əsasən, təxirəsalınmaz hallarda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi internet resurslarını məhkəmə qərarı olmadan müvəqqəti bloklaya bilirdi. Bu halda nazirlik beş gün ərzində məhkəməyə müraciət etməli idi.

2020–2021-ci illərdə edilən dəyişikliklərlə isə internet resurslarının bloklanması üçün nəzərdə tutulan əsaslara ictimai əhəmiyyət kəsb edən yalan məlumatların yayılması da əlavə olunmuşdu.

Hüquqşünas Ruslan Əliyev bildirib ki, yeni dəyişikliklər dövlət qurumlarına internet resurslarını bloklamaq üçün daha geniş imkanlar verir və bu səlahiyyətlərdən sui-istifadə riskini artırır.

Onun sözlərinə görə, əvvəlki təcrübə belə mexanizmlərin siyasi məqsədlərlə tətbiq oluna biləcəyinə dair narahatlıqlar yaradır.

Ruslan Əliyev hesab edir ki, yeni qaydalar nəticəsində internet resurslarının sahibləri əvvəlcə bloklama qərarı ilə üzləşəcək, daha sonra isə həmin qərardan məhkəmə qaydasında şikayət vermək məcburiyyətində qalacaqlar.

Bloger Mehman Hüseynov isə bildirib ki, dəyişikliklərin xaricdə fəaliyyət göstərən tənqidi blogerlərin fəaliyyətini məhdudlaşdırmaq məqsədi daşıdığına inanır.

Onun sözlərinə görə, internet üzərində nəzarətin gücləndirilməsi uzunmüddətli nəticə verməyəcək və istifadəçilər alternativ vasitələrdən istifadə etməyə davam edəcəklər.

Bloger əlavə edib ki, yeni məhdudiyyətlərə baxmayaraq sosial şəbəkələrdə fəaliyyətini davam etdirəcək. Son dəyişikliklərlə sosial şəbəkələrin fəaliyyəti ilə bağlı da yeni qaydalar müəyyənləşdirilib.

Qaydalara əsasən, yaş məhdudiyyəti tətbiq olunan platformalarda 16 yaşı tamam olmayan şəxslərin hesab yaratmasına icazə verilməyəcək. Platformalar istifadəçilərin yaşını yoxlamalı, Azərbaycandakı istifadəçilərə xidmət göstərən bəzi platformalar isə ölkədə qeydiyyatdan keçməli və ya nümayəndəlik yaratmalıdır.

Bununla yanaşı, sosial şəbəkə platformalarının dövlət qurumlarının sorğularına cavab verməsi ilə bağlı da yeni tələblər müəyyən edilib.