Aslan İsmayılov apelyasiya şikayəti verəcək

İyulun 4-də Səbail Rayon Məhkəməsində Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin iddiası əsasında "Viza" hüquq firmasının rəhbəri Aslan İsmayılov haqqında ittiham hökmü çıxarılıb. Hüquqşünas H.Hacıyevi təhqir etməkdə təqsirli sayılıb və Cinayət Məcəlləsinin 148-ci maddəsilə 1500 manat cərimələnib.
H.Hacıyev A.İsmayılovun 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirli bilinib, ona üç il həbs cəzası verilməsini, 100 min manat kompensasiya ödəməsini və üzr istəməsini tələb edirdi.
 
Lakin hakim Azər Tağıyev belə nəticəyə gəlib ki, Aslan İsmayılovun əməlində Cinayət Məcəlləsinin 147-ci maddəsinin tərkibi yoxdur, ona görə də o hissədə hüquqşünasa bəraət verilib. 100 min manat kompensasiya və üzr tələbindən ibarət mülki iddia da təmin olunmayıb.
 
Hökmdən əvvəl məhkəmədə Hafiz Hacıyev bildirib ki, Aslan İsmayılovun onun nüfuzuna vurduğu ziyanın müqabilində 100 min çox azdır, əslində, milyonlar olmalıydı: "Mənə böyük mənəvi zərbə dəyib. 110 min üzvü olan partiya sədri, dörd dəfə prezidentliyə namizəd olmuş bir şəxs təhqir olunub. Mənə vurulan mənəvi ziyan çox ağır cinayətdir".
 
Aslan İsmayılov son sözündə Hafiz Hacıyevin söylədiklərinə belə cavab verib: "Olmayan nüfuza xələl yetirilməz".
 
Hafiz Hacıyev iddia ərizəsində yazıb ki, Aslan İsmayılov "facebook" səhifəsində paylaşdığı yazılarında onu "canlı" adlandırmaqla təhqir edib.
 
Aslan İsmayılov məhkəmədə onu yenə "canlı" adlandırıb və bildirib ki, başqa cür mümkün deyil: "Mən bu canlı ilə eyni otaqda dayanmaq da istəmirəm".
 
Aslan İsmayılov məhkəmədən sonra jurnalistlərə bildirib ki, bu hökm həm də hakimiyyətin simasını göstərir: "Sübut edirlər ki, elə Hafiz Hacıyevə layiqdilər".
Hüquqşünas hökmdən apelyasiya şikayəti verəcək.
 
Toplum.tv