72 milyon necə dağıdılıb?

"Hesablamalar Palatası mart ayında “Bakı şəhərinin Pirşağı qəsəbəsində Çirkab Sularının Təmizlənməsi Qurğusu” Layihəsi ilə bağlı audit nəticələrini açıqlayıb. Nəticələri oxuyanda başa düşürsən ki, bircə o qalıb ki, palata desin ki, qardaş 72 milyon dollar pul batıb gedib. Hələ üstəlik bunun 46 milyonu da kreditdir. Auditin nəticələrindən hissələr.
1) Müvafiq Baş Plan üzrə işlərin görülməsi məqsədilə lazımi koordinasiyanın qurulmaması şəraitində Qurğunun fəaliyyəti üçün kənar texniki şəraitin yaradılması üzrə zəruri maliyyələşdirmənin aparılmaması səbəbindən həmin ərazidə su və kanalizasiya sistemi təchizatının çox aşağı səviyyədə olduğu müəyyən edilmişdir. Qeyd edilənlər səbəbindən yaranmış şərait müvafiq Dövlət Proqramı ilə müəyyən edilmiş hədəflərə çatmamaqla yanaşı təmizlənmiş suyun keyfiyyət göstəricilərinin Texniki-İqtisadi Əsaslandırma sənədində göstəriləndən aşağı səviyyədə olması, Qurğunun zəmanət sınaqları keçirilmədən istismara qəbul edilməsi, eləcə də hazırda və yaxın gələcəkdə tam gücü ilə təyinatı üzrə işləməsinin mümkünsüzlüyü qənaətinə gəlməyə əsas vermişdir.
2) Xərclənmiş vəsaitlərin uçotunda və qiymətləndirmələrdə qeyri-dəqiqliklər səbəbindən əsas vəsait qismində deyil, kapitallaşdırılmış məsrəflər qismində uçota alınan Qurğunun xidmət edəcəyi ərazidə illik ən azı 35 milyon manatdan artıq miqdarda vəsaitin itkisinə səbəb olan və itirildiyi rəsmiləşdirilən 50%-dən çox su miqdarı, eləcə də həmin ərazidə su və kanalizasiya sisteminin planlaşdırılan tikinti göstəriciləri gələcəkdə su sərfiyyatının Qurğunun su təmizləmə qabiliyyətini üstələyəcəyini deməyə əsas vermişdir.
3) Layihənin istismar müddətinin, eləcə də Qurğunun təchizatı üzrə daxili bazar qiymətlərinin düzgün nəzərə alınmaması, vəsaitlərə qənaət və həmin vəsaitlərdən səmərəli istifadə imkanlarının itirilməsiylə yanaşı, Qurğunun hissələrinin faktiki dəyərinin məzənnə fərqi nəticəsində qiymət artımı, gömrük ödəmələri və kapitallaşan xərclər nəzərə alınmaqla müəyyən edilməməsi Qurğunun ayrı-ayrı hissələrinin əsas vəsait qismində uçota alınmasında da problemlər yaratmışdır".
 
 
Sübhan Həsənli