Qüds müftisi Qəzzadakı aclıqla bağlı xütbəsindən sonra saxlanıldı

İsrail qüvvələri, Qüdsün baş müftisi Şeyx Məhəmməd Hüseyni Qəzzadakı aclıq və mühasirə barədə cümə xütbəsində səsləndirdiyi sərt tənqidlərdən sonra saxlayaraq “əl-Qişlə” adlı polis mərkəzinə aparıblar.

Bu hadisə işğal altındakı Qüdsdə, Məscidül-Əqsa cümə namazından dərhal sonra baş verib. Fələstin İslam Vəqfləri İdarəsi bildirib ki, Şeyx Məhəmməd Hüseyn bir neçə saatlıq sorğu-sualdan sonra sərbəst buraxılsa da, bazar gününədək Məscidül-Əqsaya girişinə qadağa qoyulub və yenidən dindirilmək üçün çağırılıb.

Şeyxin bu həftəki xütbəsində sionist rejimin Qəzzadakı acımasız siyasətləri, xüsusilə də uşaqlar və mülki əhali üzərindəki aclıq mühasirəsi sərt şəkildə tənqid olunub.

O, xütbəsinin bir hissəsində belə demişdir:

“Ey müsəlmanlar! Ey İsra və Mirac diyarının sakinləri! Bu dövrdə insan zülm altındadır. Bəzi insanlar yeməyə belə möhtacdır və dünyanın gözləri önündə aclıqdan ölürlər.”

Daha sonra isə beynəlxalq ictimaiyyətin ikiüzlülüyünə işarə edərək əlavə edib:

“İnsan haqlarından danışan bu dünya, gerçəklik qarşısında bütün iddialarını itirir. Haradasan ey Allahın Rəsulu (s), bu dünya bu günlərdə nə böyük ədalətsizliklərə şahidlik edir!”

Bu hadisə, İsrailin dini liderlərə qarşı təzyiqlərinin və Məscidül-Əqsada dini azadlıqların pozulmasının növbəti nümunəsi olaraq beynəlxalq aləmdə də diqqət çəkib.