Tofiq Yaqublunun həyat yoldaşı da aclıq aksiyasına başlayıb

Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun həyat yoldaşı Maya Yaqublu yanvarın 7-də ona dəstək məqsədi ilə aclıq aksiyasına başlayıb.

Maya Yaqublu Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində həyat yoldaşı ilə görüşündən sonra bu qərara gəlib.

Maya Quliyeva həyat yoldaşıyla şüşə arakəsmənin arxasından danışdığını deyib:
 
"Təkidlə israr edəndən sonra mənə görüşə icazə verdilər. Görüş otağında görüşləri şüşə arxasından verirlər.Orada adamların bir-biri ilə əlaqə qurması üçünsə telefonlardan istifadə edilir. Ancaq bu gün görüş otağındakı bütün telefonlar işləmirdi. Sözsüz ki, bu bizim bir-birimizlə rahat danışmağımıza əngəl yaratmaq üçün edilmişdi. Çətinliklə də olsa bir-birimizlə cəmi 10 dəqiqə də olsa danışa bildik. Tofiqi görəndə şoka düşdüm. Dəhşətli dərəcədə arıqlamışdı. Sonuncu dəfə aclıqdan sonra necə görmüşdünüzsə, eləcə idi. İçəridə yeməklər yaxantı olduğundan yeyə bilməyib.Yalnız peçenye ilə qidalandığını bildirdi. Kamerada adam çox olduğundan apardığım peçenyelərin də çox az hissəsini qəbul edə bilib. Anlayacağınız Tofiqin vəziyyəti çox pisdir. Hər an faciə baş verə bilər".

O həmçinin vurğulayıb ki, Tofiq Yaqublu haqq sözü eşidilməyincə aclığı davam etdirəcəyini bildirib.

Tofiq Yaqublu dekabrın 23-də Bakının mərkəzində ictimai fəal Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbi ilə keçirilən etiraz aksiyasında saxlanıb.

Həmin gün Səbail Rayon Məhkəməsi hakim Mədinə Bağırovanın sədrliyi ilə Tofiq Yaqublunu İnizbati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmamaq) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə təqsirli bilərək 30 sutka inzibati həbsə məhkum edib.

Tofiq Yaqublu məhkəmədə çıxışında həbs qərarını siyasi sifariş kimi qiymətləndirib. Yaqublu ictimai fəal Bəxtiyar Hacıyevə azadlıq tələbi ilə keçirilən aksiya ilə bağlı həbs edilən yeganə şəxsdir.

Yanvarın 5-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublunun həbsindən verilən apellyasiya şikayətini təmin etməyib. O, məhkəmədə Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanlanların Saxlanma Məntəqəsində ailə üzvləri ilə görüşə icazə verilməməsinə, sovqatların qəbul edilməməsinə və məhkəmə qərarına etiraz olaraq aclıq elan etdiyini bildirib.

 

Toplum TV