Suriyada yeni rejim qüvvələri ilə druzlar arasında toqquşmalar intensivləşir

Suriya İnsan Haqları Müşahidə Qrupu (SOHR) Suriyada Dəməşqə sadiq qüvvələr və druzlar arasında məzhəblərarası toqquşmalarda ən azı 73 nəfərin öldüyünü bildirib.

Böyük Britaniyada yerləşən SOHR tərəfindən bu gün paylaşılan məlumatlara görə, son iki gündə paytaxt Dəməşq və cənubundakı Suveyda bölgəsində şiddətlənən qarşıdurmalarda ölənlərin sayı ən az 73-ə çatıb.

Suriyadakı Druz icmasının ruhani lideri Şeyx Hikmət əl-Hicri Dəməşqə sadiq qüvvələr ilə druzlar arasında baş verən toqquşmalardan sonra baş verənləri druz icmasına qarşı “soyqırım kampaniyası” kimi qiymətləndirib və beynəlxalq ictimaiyyəti təcili müdaxiləyə çağırıb.

SOHR-in məlumatına görə, Dəməşqin ətrafı Cəramana və Sahnaya bölgələrində öldürülənlər arasında 30 təhlükəsizlik qüvvələri, 15 druz icmasına aid silahlı qüvvələr və 1 mülki şəxs var. Cənubdakı Suveyda əyalətində 27 silahlı druz həyatını itirib.

Qarşıdurmaların qığılcımı druzlara aid olduğu övliya iddia edilən məzar olub. İnsidentə sosial şəbəkələrdə onun məzarına qarşı təhqiramiz ifadələrin yer aldığı səs yazısının yayılması səbəb olub. Lakin druz liderləri səs yazısının saxta olduğunu deyirlər.

Suriya hakimiyyəti dünən təhlükəsizliyi təmin etmək üçün qoşunlarını Sahnayaya yerləşdirdiklərini və bölgədə ictimai asayişin bərpa olunduğunu açıqlayıb.