Səudiyyə Ərəbistanı: Ümid edirik İsrail fələstinlilərlə sülhün onun xeyrinə olacağını başa düşəcək

“Ümid edirik ki, İsrail hökuməti fələstinlilərlə münaqişənin həllinin onun maraqlarına uyğun olduğunu başa düşəcək.”

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan “Davos” iqtisadi forumu çərçivəsində keçirilən sessiyada çıxış zamanı deyib.

O, İsrail hökumətinin fələstinlilərlə münaqişənin həllinin onun maraqlarına uyğun və xeyrinə olacağını başa düşəcəyinə ümidvar olduğunu açıqlayıb.

Səudiyyəli nazir deyib ki, lakin İsrail hökuməti bunu (münaqişənin həllini) istəmədiyini göstərən bəzi siqnallar verir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı İsraillə diplomatik əlaqələr qurmayıb, lakin ABŞ və İsrail, krallığı, 2021-ci ilin sonunda BƏƏ, Bəhreyn, Sudan və Mərakeşlə imzaladığı “Avraham razılaşmaları”na daxil etməyə çalışırlar.

Bununla belə, Səudiyyə Ərəbistanı bir çox hallarda Tel-Əvivlə münasibətlərin normallaşmasının fələstinlilərlə münaqişənin həlli ilə əlaqəli olduğunu bəyan edib.