Qılıncoynatma üzrə Azərbaycan millisi Dünya Kubokunda 8-ci olub

Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Yunanıstanın paytaxtı Afinada keçirilən Dünya Kubokunun mərhələ yarışında iştirakını başa vurub.

Federasiyadan "Report"a verilən məlumata görə, Anna Başta, Sevil Bünyatova, Palina Kaspiaroviç və Valeriya Bolşakovadan ibarət kollektiv komanda yarışında ilk görüşündə Argentina seçməsinə 45:26 hesabı ilə qalib gəlib.

Yığma ardınca ən güclü 8-liyə yüksəlmək uğrunda keçirilən görüşdə Polşanı 45:39 hesabı ilə məğlub edib.

Sablyaçılar yarımfnala yüksəlmək uğrunda keçirilən qarşılaşmada Fransa kollektivinə 24:45 hesabı ilə uduzub.

Milli 5-8-ci yerlər uğrunda keçirilən görüşlərdə İspaniya (40:45) və Yunanıstan komandalarına (29:45) məğlub olaraq turniri 8-ci sırada başa vurub. Hazırda qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət milli dünya reytinqində 7-ci sırada qərarlaşıb.

Qadın sablyaçıların şəxsi yarışında turnirə əsas mərhələdən qatılan Anna Başta ən güclü 8-liyə yüksəlmək uğrunda keçirilən görüşdə İtaliya təmsilçisi Miçela Battistona 14:15 hesabı ilə uduzub. Sevil Bünyatova, Palina Kaspiaroviç və Valeriya Bolşakova isə əsas mərhələnin ilk görüşündə mübarizəni dayandırıb.