SEPAH: Hörmüz boğazında daha iki tanker minaya düşüb, 2 milyon barel neft daşıyan supertanker batıb

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri bildirir ki, bazar günü axşam Hörmüz boğazında daha iki neft tankeri minaya düşüb, onlardan biri batıb.

İranın “Tasnim” agentliyinin yaydığı açıqlamaya görə, son bir neçə saatda boğazın icazəsiz cənub marşrutu ilə gedən iki tankerdə dəniz minaları ilə toqquşmadan sonra “çox güclü partlayışlar” olub və gəmilərdə yanğın başlayıb. SEPAH iddia edir ki, tankerlərdən biri, göyərtəsində 2 milyon bareldən çox neft olan supertanker yanğından sonra boğazın cənub hissəsində batıb.

Korpusun sözlərinə görə, gəmilər ABŞ-nin köməyi ilə boğazdan keçməyə cəhd edib və transponderlərini söndürüb.

SEPAH gəmiçilik şirkətlərini, tanker sahiblərini və ekipajları qadağan olunmuş zonadan istifadə etməməyə çağırıb və pozuntuya yol verənləri eyni aqibətin gözlədiyini bildirib. İran tərəfi Oman sahillərinə yaxın cənub marşrutunun təhlükəli olduğunu dəfələrlə deyib, boğazın tam nəzarətində olduğunu iddia edir.

Bu gün daha əvvəl SEPAH iki başqa tankerin də minaya düşdüyünü açıqlamışdı. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) isə əvvəl əsas marşrutların minalardan təmizləndiyini və ticarət gəmilərinin ABŞ mühafizəsi ilə boğazdan keçdiyini bildirmişdi. Hörmüz boğazındakı gərginlik neftin qiymətinə birbaşa təsir edir, neftin qiyməti isə Azərbaycan büdcəsinin əsas gəlir mənbəyidir.