İsrail parlamenti “erməni soyqırımı”nın tanınması ilə bağlı səsverməni təxirə salıb

İsrail parlamenti - Knesset “Erməni soyqırımı”nın rəsmən tanınmasını nəzərdə tutan qərarla bağlı səsverməni təxirə salıb.

İsrail Nazirlər Kabineti xarici işlər naziri Gideon Saarın təqdim etdiyi təklifi iyunun 28-də yekdilliklə təsdiqləmişdi. Qərarın rəsmiləşməsi üçün parlamentin də razılığı tələb olunurdu.

“JNS” nəşri adı açıqlanmayan israilli rəsmiyə istinadən səsvermənin iyulun 12-də dayandırıldığını bildirib. Rəsmi qərarın səbəbini açıqlamayıb.

Nəşr səsvermənin regionda diplomatik vəziyyətin həssas olduğu bir vaxta təsadüf etdiyini qeyd edib. Buraya İranla atəşkəsin pozulmasından sonra baş verən yeni gərginlik, eləcə də Türkiyədə keçirilən NATO sammitində Ankaranın ABŞ-dən F-35 qırıcıları almaq təşəbbüsü daxildir.

Knessetin həftənin sonunda yay tətilinə çıxacağı və İsraildə oktyabrın 27-nə təyin olunan parlament seçkilərinə qədər iclas keçirməyəcəyi bildirilir. Gideon Saarın nümayəndəsi səsvermənin təxirə salınması ilə bağlı “JNS”in sorğusuna cavab verməyib.

Saar hökumətə təqdim etdiyi təklifdə Osmanlı imperiyasının son illərində ermənilərə qarşı baş verən hadisələrin “soyqırımı” kimi tanınmasını “mənəvi və tarixi borc” adlandırmışdı.

İsrail hökumətinin qərarını Ermənistan təmkinlə qarşılamışdı. Ermənistanın Baş naziri Nikol Paşinyan bildirmişdi ki, Yerevan qərara münasibət bildirməyə ehtiyac görmür və “erməni soyqırımı” məsələsinin siyasi vasitəyə çevrilməsində maraqlı deyil.

“Biz hesab edirik ki, “erməni soyqırımı” məsələsinin siyasi silaha çevrilməsindən kənarda qalmaq Ermənistan Respublikasının maraqlarına uyğundur”, – Paşinyan iyunun sonunda demişdi.

İsrail hökumətinin qərarı Azərbaycan və Türkiyənin etirazına səbəb olmuşdu. Türkiyə İsraili Qəzzada törətdiyi iddia olunan cinayətləri ört-basdır etməyə çalışmaqda ittiham etmişdi. Ankara 1915-ci il hadisələrinin soyqırımı kimi qiymətləndirilməsini qəbul etmir.

Azərbaycan Xarici İşlər Nazirliyi isə qərarı “ciddi narahatlıq doğuran məsələ” adlandırmış, İsrail hökumətini “1915-ci il hadisələri ilə bağlı tarixi faktların təhrif edilməsi” kimi qiymətləndirdiyi mövqeyə yenidən baxmağa çağırmışdı.

İyulun əvvəlində İsrailin “Ynet” nəşri Azərbaycan rəsmilərinə istinadən yazmışdı ki, qərar Bakı ilə Təl-Əviv arasındakı münasibətlərdə ictimaiyyətə açıqlanandan daha dərin böhrana səbəb olub. Rəsmilər Azərbaycanın bu addımı İsrailin “qırmızı xətti keçməsi” kimi qiymətləndirdiyini bildiriblər.

Onların sözlərinə görə, Bakı İsrailə müharibə başlayandan bəri göstərdiyi dəstəyin qarşılığını görmədiyini düşünür. Azərbaycan tərəfi qərarın əvvəlcədən müzakirə edilməməsindən və yalnız ictimaiyyətə açıqlandıqdan sonra bu barədə məlumatlandırılmasından da narazı qalıb.

Tarixçilərin hesablamalarına görə, Birinci Dünya müharibəsi dövründə Osmanlı imperiyasında 1,5 milyona qədər erməni öldürülüb. Türkiyə ölənlərin sayının şişirdildiyini və hadisələrin müharibə, vətəndaş qarşıdurması və iğtişaşlar nəticəsində baş verdiyini bildirərək, onların soyqırımı kimi qiymətləndirilməsini rədd edir.