Hizbullahın yeni taktikası İsraili çıxılmaz vəziyyətə salıb

Livanın cənub sərhədində İsrail Silahlı Qüvvələri ilə Hizbullah hərəkatı arasında davam edən qarşıdurmalar müharibə strategiyasında köklü dəyişikliklərin baş verdiyini nümayiş etdirir. Hizbullahın döyüş meydanına gətirdiyi yeni və asan əlçatan “kamikadze dron” taktikası İsrailin milyardlarla dollarlıq müdafiə sənayesini və sərhəd qruplaşmasını ciddi böhranla üz-üzə qoyub.

 

“Ababil” və FPV dronları: Kiçik büdcə, böyük dağıdıcılıq

Hizbullah Livanın cənubunda mövqe tutan İsrail hərbçilərinə qarşı hər gün dəfələrlə, sistemli şəkildə “Ababil” və optik-lifli idarəetməyə malik yeni nəsil FPV (First Person View) dronları ilə hücumlar təşkil edir. Bu strategiyanın ən diqqətçəkən tərəfi onun iqtisadi effektivliyidir. Cəmi bir neçə yüz dollara başa gələn bu kiçik aparatlar İsrail ordusunun çox baha qiymətli hərbi infrastrukturunu iflic edir.

Hücumlar zamanı hədəf alınan və sıradan çıxarılan obyektlər arasında bunlar var:

Müasir tanklar və zirehli texnikalar (o cümlədən D9 buldozerləri);

Sərhəd boyu quraşdırılmış strateji radar və müşahidə sistemləri;

Hərbi nəqliyyat vasitələri və canlı qüvvə toplanışları;

Səhra komanda mərkəzləri və radioelektron mübarizə qərargahları və s.

 

Elektron müharibəyə qarşı alternativ texnologiya

Ekspertlərin fikrincə, Hizbullahın Ukrayna müharibəsindəki dərslərdən bəhrələnərək tətbiq etdiyi bu texnika İsrailin məşhur “Dəmir Qübbə” və digər yüksək texnoloji boğma (jamming) sistemlərini effektivsizləşdirir. Radarlara yaxalanmayan, alçaq hündürlükdən uçan və siqnal kəsicilərdən təsirlənməyən dronlar birbaşa nöqtə hədəflərini vurur. Bu isə İsrail ordusunun sərhəd xəttində mobil hərəkətliliyini minimuma endirib.

 

İsrail çıxılmaz vəziyyətdə: Hərbi senzura və gizlədilən itkilər

Müdafiə xəttinin bu dərəcədə asanlıqla yarılması Tel-Əvivi hərbi və psixoloji gərginliklə baş-başa qoyub. İsrail hərbi komandanlığı dron təhlükəsinə qarşı qısa müddətdə effektiv cavab mexanizmi tapa bilmədiyi üçün çıxılmaz duruma düşüb.

Maddi və canlı qüvvə itkilərinin cəmiyyətdə yaradacağı reaksiyadan və ordunun daxili motivasiyasının aşağı düşməsindən çəkinən İsrail hökuməti ciddi hərbi senzura tətbiq edir. Müstəqil hərbi müşahidəçilər və yerli mənbələr hər gün onlarla hərbi obyektin vurulduğunu, ölü və yaralıların olduğunu bildirsə də, rəsmi Təl-Əviv bu itkiləri ictimaiyyətdən gizlədir və ya xeyli azaldılmış rəqəmlərlə təqdim edir. Hizbullahın mütəmadi olaraq yayımladığı birbaşa zərbə videoları isə İsrailin tətbiq etdiyi bu informasiya blokadasını darmadağın edir.