“Azərkosmos” İsraildə ev icarəsi üçün 1 milyon 80 min 258 manat ödəyəcək

Azərbaycan Kosmik Agentliyi — “Azərkosmos” İsraildə ev icarəsi üçün 1 milyon 80 min 258 manat ödəyəcək.
Müqavilə İsrailin “K.R.V Medical Group 2014 LTD” şirkəti ilə bağlanıb. Dövlət Satınalma Portalında tender bir mənbədən satınalma kimi göstərilir. Yəni xidmət üçün açıq tender yarışı keçirilməyib, müqavilə birbaşa həmin şirkətlə imzalanıb, detallar ictimaiyyətdən gizlədilib.
İcarə müddəti 20 may 2026-cı ildən 20 may 2027-ci ilədək davam edəcək.
Bu, “Azərkosmos”un sözügedən şirkətlə ilk müqaviləsi deyil. “Azersky-2” layihəsi çərçivəsində 2025-ci ilin aprelində də həmin şirkətlə avtomobil və ev icarəsi xidmətləri üzrə 2 milyon 248 min manatlıq müqavilə bağlanmışdı. 2026-cı ilin mayında isə həmin müqavilənin müddəti daha bir il uzadılıb.
Maraqlı məqam odur ki, “K.R.V Medical Group” İsraildə əsasən səhiyyə turizmi sahəsində fəaliyyət göstərən şirkət kimi tanınır.
“Azərkosmos”un İsraildəki heyətinin sağlamlıq sığortasını isə “DavidShield Life Insurance Agency (2000) LTD” şirkəti təmin edir. 2025-2026-cı illər üzrə bu şirkətlə 195,5 milyon manat dəyərində sağlamlıq sığortası müqaviləsi imzalanıb.
Bu xərclər “Azersky-2” layihəsi fonunda həyata keçirilir. Layihə “Azərkosmos” ilə Israel Aerospace Industries şirkəti arasında icra olunur. 2023-cü ilin oktyabrında imzalanmış müqaviləyə əsasən, proqram çərçivəsində yüksək ayırdetmə qabiliyyətinə malik elektro-optik müşahidə peykləri hazırlanmalıdır.
Birinci peykin İsraildə, ikinci peykin isə Azərbaycanda istehsalı nəzərdə tutulur. Peyklərin 2026 və 2028-ci illərdə orbitə buraxılması planlaşdırılır.
İsrail mediasında yayılan məlumatlara görə, kəşfiyyat xarakterli olduğu bildirilən bu peyklərlə bağlı müqavilənin dəyəri 120 milyon dollardır.
2010-cu ildə peyk operatoru kimi yaradılan “Azərkosmos”un əsas gəlirləri dövlət büdcəsi hesabına formalaşır. Qurumun peyk xidmətlərindən qazandığı gəlirlər xərclərini tam qarşılamır. 2024-cü il üzrə maliyyə hesabatında “Azərkosmos”un ümumi zərərinin 380 milyon manata çatdığı göstərilir.