Trampın Çinə kritik səfəri: İran və ticarət müharibələri gündəmdədir

ABŞ Prezidenti Trampın bu ilin əvvəlində Çinə səfər etməsi gözlənilirdi, lakin səfəri İran müharibəsi səbəbindən təxirə salındı. Bu dəfə səfər tarix müəyyən edib. ABŞ Prezidentinin bu, 2017-ci ildən bəri Çinə ilk səfəri olacaq.

Pekin bazar ertəsi günü ABŞ Prezidenti Donald Trampın çərşənbə günü üç günlük səfər üçün Çinə gələcəyini təsdiqləyib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü elan edib ki, Prezident Si Cinpinin dəvəti ilə ABŞ Prezidenti Donald Tramp 13-15 may tarixlərində Çinə dövlət səfəri edəcək.

Çinli həmkarı Si Cinpinlə ticarət və İranı müzakirə edəcək Trampın Pekini Vaşinqtonla razılaşma əldə etmək, İrana təzyiq göstərmək üçün öz təsirindən istifadə etməyə təşviq edəcəyi gözlənilir.

Tramp tez-tez Si Cinpinlə münasibətlərini tərifləyərək, iki ölkə arasındakı münasibətləri müsbət adlandırıb.

Bu ilin əvvəlində Tramp sosial media paylaşımında bildirib ki, "Çinlə münasibətlərimiz və Prezident Si ilə şəxsi münasibətlərim son dərəcə yaxşıdır və hər ikimiz bunun belə qalmasının nə qədər vacib olduğunu başa düşürük".

Buna baxmayaraq, Pekin və Vaşinqton ticarət tarifləri və Pekinin İranla münasibətləri (Çin İran neftinin əsas müştərisidir), eləcə də Çinin öz ərazisinin bir hissəsi olduğunu iddia etdiyi Tayvan da daxil olmaqla bir çox əsas məsələdə fikir ayrılığına malikdirlər.

"Bu, çox böyük simvolik əhəmiyyətə malik bir səfər olacaq", Ağ Evin mətbuat katibinin müavini Anna Kelli telefon danışığında jurnalistlərə bildirib. "Amma əlbəttə ki, Prezident Tramp heç vaxt yalnız simvolizm üçün səyahət etmir. Amerika xalqı prezidentin ölkəmiz üçün daha sərfəli razılaşmalarla qayıtmasını gözləyə bilər".

Trampın Çinə martın sonu və ya aprelin əvvəlində səfər etməsi gözlənilirdi, lakin səfər İran müharibəsi səbəbindən təxirə salındı.

Bu səfər, təxminən 10 il əvvəl, 2017-ci ilin noyabr ayında etdiyi səfərdən bəri ABŞ prezidentinin Çinə ilk səfəri olacaq.

Qarşılama mərasimi ilə başlayacaq Trampın planlaşdırılan səfərinə Si Cinpin ilə təkbətək görüş və Pekindəki Cənnət Məbədinə ekskursiya daxildir. Ağ Ev cümə axşamı Trampın cümə günü yola düşməzdən əvvəl dövlət ziyafətində iştirak edəcəyini və Si Cinpinlə işgüzar nahar edəcəyini təsdiqləyib.