İsrailin hücumlarında Livanda daha 10 nəfər şəhid olub

Livan Səhiyyə Nazirliyinin məlumatına görə, sionist rejim ordusunun cümə günü ölkənin cənubuna həyata keçirdiyi hücumlar nəticəsində 10 nəfər şəhid olub.

Hücumlar əsasən Sayda, Nəbatiyyə, Sur və Bint Cübeyl bölgələrini əhatə edib. Nazirliyin açıqlamasına görə, Sayda qəzasının Ənqun qəsəbəsinə təşkil olunan hücum nəticəsində iki nəfər şəhid olub, bir qadın yaralanıb.

Zərariyyə qəsəbəsində isə üç nəfərin şəhid olduğu, onların arasında iki uşağın olduğu bildirilib.

Nəbatiyyə qəzasının Meyfdun qəsəbəsinə edilən hücum nəticəsində bir nəfərin həyatını itirdiyi, dörd nəfərin isə yaralandığı açıqlanıb. Yaralılar arasında bir qadının da olduğu qeyd edilib.

Məlumata görə, işğalçı rejim ordusu döyüş təyyarələri vasitəsilə Livanın cənubundakı 35-dən çox yaşayış məntəqəsinə zərbələr endirib. Hədəfə alınan ərazilər əsasən Sur və Nəbatiyyə bölgələrində yerləşib.

Bundan əlavə, Bəəlbək bölgəsində yerləşən Xəribə və Brital ətrafı da hücumlara məruz qalıb.

Sionist rejimin pilotsuz uçuş aparatları ilə Zərariyyə, Ərəb əl-Cəl, Kəfrtəbnit, Həbbuş, Cəbşit, Deyr İntar, Sultaniyyə, Haris və Hadəta qəsəbələrini də hədəfə alıb.

Artilleriya hücumlarının isə Həniyyə, Sur, Məcdəl Zun, Zəutr əl-Qərbiyə, Zəutr əş-Şərqiyyə və digər yaşayış məntəqələrinə yönəldiyi bildirilib.

işğalçı rejim ordusunun Xiyam və Bint Cübeyl şəhərlərində partlayış və dağıntı əməliyyatları həyata keçirdiyi də qeyd olunub. Son hücumlar Livanla sionist rejim arasında qüvvədə olan müvəqqəti atəşkəs razılaşmasının pozulması fonunda baş verir.

Livan tərəfi sionist rejimin yaşayış məntəqələrini mütəmadi şəkildə hədəfə aldığını bildirir.

İşğalçı rejim ordusu daha əvvəl “sarı xətt” adlandırdığı plan çərçivəsində sərhəd bölgəsində yerləşən 55 yaşayış məntəqəsində hərbi mövcudluğunu saxlamaq niyyətini açıqlamışdı.

Bu məsələ bölgədə gərginliyin daha da artacağı ilə bağlı narahatlıqları gücləndirir.