Azərbaycanlı siyasi mühacirlər Vensə müraciət ediblər

Azərbaycanlı Siyasi Mühacirlərin Koordinasiya Mərkəzi (ASİMKOM) gələn həftə Azərbaycana səfər edəcək ABŞ vitse-prezidenti Ceyms Vensə müraciət ediblər. 

Mühacirlər Vensin Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə ölkədə insan hüquqlarının vəziyyəti, xüsusilə siyasi məhbuslar məsələsini qaldırmasının "son dərəcə vacib olduğunu" bildiriblər. 

"Hazırda Azərbaycanda jurnalistlər, müxalif fəallar və liderlər, hüquq müdafiəçiləri və digər vətəndaş cəmiyyəti nümayəndələri də daxil olmaqla yüzlərlə insan siyasi motivli ittihamlarla həbsdə saxlanılır. Ən azı 340 nəfər siyasi məhbus kimi tanınıb. Bu vəziyyət Azərbaycanın beynəlxalq öhdəliklərinə və hamılıqla tanınmış əsas hüquq və azadlıqlara açıq şəkildə ziddir”, - müraciətdə qeyd olunur. 

Müraciətçilər ABŞ prezidenti Donald Trampın administrasiyasının Belarus və Venesuela kimi ölkələrlə münasibətlərində "siyasi məhbuslar məsələsinə prinsipial yanaşmasının mühüm və ümidverici presedentlər yaratdığını" əlavə ediblər. 

"Azərbaycan rəhbərliyi ilə dialoqda, xüsusilə siyasi məhbusların qeyd-şərtsiz azadlığa buraxılmasına çağırış etməklə, oxşar aydın və qəti mövqenin əhəmiyyətli və müsbət təsir göstərə biləcəyinə ümid edirik”, - onlar vurğulayıb. 

Hazırda İtaliyada səfərdə olan Vensin fevralın 9-da Ermənistana, daha sonra Azərbaycana səfər edəcəyi gözlənilir. 

Trampın sözlərinə görə, Vensin səfərində iki ölkə arasında sülh prosesi və "Tramp marşrutu" müzakirə ediləcək və Azərbaycanla silah satışı üzrə anlaşmalar imzalanacaq.