Trampın kürəkəni Qəzza üçün 25 milyard dollarlıq baş plan təqdim edib

ABŞ prezidenti Donald Trampın kürəkəni, iş adamı Cared Kuşner Qəzza zolağında yenidənqurma üçün baş planı ictimaiyyətə təqdim edib. 

Yanvarın 22-də Davosda baş tutan təqdimatda Kuşner Qəzzanın Yaxın Şərqdə yenidən qurulmuş digər şəhərlərə bənzəyəcəyini deyib.

Yenidənqurmadan sonrakı Qəzzanı təsvir edən fotolarda sahilboyu lüks göydələnlər və nəqliyyat infrastrukturu təsvir olunub. 

Kuşner tikintinin cəmi iki və ya üç il ərzində başa çatdırıla biləcəyi fikrini irəli sürüb və əlavə edib ki, baş planın həyata keçirilməsinə 25 milyard dollardan çox vəsait tələb olunacaq:

“Prezident Trampın da dediyi kimi, Qəzzanın böyük potensialı var və bu, Qəzza xalqı üçündür”.

Tramp özü də konfransda çıxış edərək Qəzzadakı müharibənin “artıq faktiki olaraq sona yaxınlaşdığını” deyib və yenidənqurma planını tərifləyib.

“Mən ürəyimdə daşınmaz əmlak üzrə iş adamıyam və mənə görə hər şey məkana bağlıdır. Hələ o vaxt dedim ki, baxın bu dəniz kənarındakı yerə, baxın bu gözəl əraziyə, bu qədər insan üçün nələr yarada biləcəyimizi düşünün. Çox pis şəraitdə yaşayan insanlar çox yaxşı şəraitdə yaşamağa başlayacaqlar”, - o əlavə edib.

Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, 2023-cü ilin oktyabrında İsrailin başlatdığı və iki il davam edən müharibə nəticəsində Qəzzada yaşayış binalarının 90 faizdən çoxu dağıdılıb və ya zədələnib.

Tramp administrasiyasının vasitəçiliyi ilə Qəzzaya nəzarət edən HƏMAS qruplaşması və İsrail arasında ötən ilin oktyabrında atəşkəs qüvvəyə minsə də, İsrail ordusu atəşkəsi pozmağa davam edib. 

Qəzzanın səhiyyə rəsmilərinin açıqlamasına görə, atəşkəs qüvvəyə mindikdən bəri ən azı 483 nəfər qəzzalı həlak olub.

Qəzzanın bərpası Trampın elan etdiyi 20 maddəlik sülh planında nəzərdə tutulub. 

Tramp ötən ilin fevralında İsrail baş naziri Benyamin Netanyahu ilə birgə keçirdiyi brifinqdə demişdi ki, ABŞ Qəzzaya sahiblənəcək və yenidənqurması ilə məşğul olacaq, lakin bunun üçün zolaqda yaşayan 2 milyona yaxın əhali başqa yerə köçürülməlidir. 

İnsan hüquqları təşkilatları isə Trampın açıqlamasının qəzzalılara qarşı etnik təmizləmə planı olduğunu bildirmişdi.