Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanın həbsdə olan erməni məhbusları azadlığa buraxacağına ümid etdiyini bildirib.
O, bunu yanvarın 28-də Avropa Şurası Parlamentlər Assambleyasında (AŞPA) çıxışı zamanı səsləndirib.
Nazir Azərbaycanın bu yaxınlarda 4 erməni məhbusu Ermənistana təhvil verdiyini xatırladıb.
“Bu, bizə ümid verir ki, hazırda hələ də Azərbaycanda saxlanılan qalan 19 nəfərin azadlığa buraxılması, itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması və bu istiqamətdə əməkdaşlıq, şübhəsiz ki, sülh prosesinə də mühüm töhfə verəcək”, - Mirzoyan vurğulayıb.
Mirzoyan Avropa Şurasının Baş katibinə, AŞPA Prezidentinə və Assambleyaya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində göstərdikləri dəstəyə görə təşəkkür edib.
"Biz onilliklər boyu davam edən düşmənçilik səhifəsini çeviririk və sabit və firavan gələcəyə aparan bu tarixi yolda bizimlə həmrəy olduğunuz üçün minnətdarıq", - o bildirib.
Yanvarın 14-də Azərbaycanda həbs cəzasına məhkum olunmuş dörd erməni Ermənistana təhvil verilib.
Ermənistan rəsmiləri bildirir ki, Azərbaycanda hələ də həbsdə olan daha 19 erməni var. Onların bəziləri Dağlıq Qarabağ ərazisində mövcud olmuş keçmiş separatçı rejimin liderləri olub.
Azərbaycan rəsmiləri isə erməni məhbusların qaytarılması barədə ictimaiyyətə açıqlama verməyiblər. Mətbuata danışan deputatlar bunu "humanizm prinsipi" ilə izah ediblər.
Azərbaycanın digər erməni məhbuslarını buraxacağına ümid edirik