İki müsəlman 350 nəfəri xilas etdi

İki müsəlman kişi təxminən 350 nəfərin həyatını xilas edib.

Hadisə Rusiyanın Kemerovo şəhərində baş verib.

Əslən Tacikistandan olan Xurşid və Fərzon işlədikləri ticarət mərkəzində yanğının başladığını və insanlar arasında panikanın yarandığını görən kimi özləri təxliyə əməliyyatı təşkil edərək insanlara binanı tərk etməyə yardım ediblər.

Onlar tüstünün içində itən və çaşbaş qalan insanları taparaq küçəyə çıxarıblar.

Ayaqqabı dükanında adi işçi olan iki müsəlman kişi ticarət mərkəzinin bütün personalının edə bilmədiyini bacarıb.

“Mən tüstünü və uşaqlarla qaçan insanları gördüm. Dərhal öz uşaqlarım yadıma düşdü, 3 övladım var mənim. Çox qorxunc mənzərə idi. Biz tüstünün gəldiyi yerə doğru qaçdıq və oradakı insanları çölə çıxarırdıq. Sonda isə xilasedicilər bizim ikimizi çölə çıxartdı”, – deyə xilaskarlardan biri qeyd edib.