Tramp Türkiyə, Misir və Argentina prezidentlərini Qəzza üçün Sülh Şurasına dəvət edib

ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Misir prezidenti Əbdülfəttah Əs-Sisi və Argentina prezidenti Xavyer Mileyi Qəzza üçün yaradılan Sülh Şurasına dəvət edib. 

Bu barədə sözügedən ölkələr yanvarın 17-də xəbər veriblər. 

Misirin Xarici İşlər Nazirliyi Əs-Sisinin dəvəti nəzərdən keçirdiyini bildirib. 

Türkiyə hökuməti isə Ərdoğanın nə cavab verdiyinə aydınlıq gətirməyib.

Miley "X" səhifəsində dəvəti qəbul etdiyinə eyham vurub. "Argentina həmişə terrorizmlə üz-üzə duran, həyatı və mülkü müdafiə edən, sülhü və azadlığı təşviq edən ölkələrlə birlikdə olacaq. Belə böyük məsuliyyəti bölüşmək bizim üçün şərəfdir", - o qeyd edib. 

Sülh Şurası İsrailin iki il apardığı müharibədən sonra Qəzzanın idarəetməsinə nəzarət etmək üçün yaradılıb. Bu, Tramp administrasiyasının Qəzza üçün hazırladığı 20 maddəlik sülh planında nəzərdə tutulub. Sülh Şurasına Tramp sədrlik edəcək. 

Yanvarın 16-da Ağ Ev Qəzzanın idarəetməsində iştirak edəcək bir neçə qurumun yaradıldığını elan edib. 

Bunlardan Qəzzanın İdarəetməsi üçün Milli Komitədə zolaqdan olan 15 ictimai fiqur təmsil olunacaq. Komitə təhsil, səhiyyə və əsas infrastruktur da daxil olmaqla gündəlik mülki xidmətlərə nəzarət edəcək. Lakin onun heç bir siyasi səlahiyyəti olmayacaq və birbaşa Sülh Şurasına hesabat verəcək.

Ağ Ev, həmçinin, Qəzza üçün uzunmüddətli strateji yol xəritəsi hazırlamaqdan məsul olacaq İcraiyyə Şurasını təqdim edib. İcraiyyə Şurasının üzvləri arasında ABŞ dövlət katibi Marko Rubio, ABŞ-nin xüsusi elçiləri Stiv Vitkof və Cared Kuşner, Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyr, amerikalı investor Mark Rouen, Dünya Bankının prezidenti Ajay Banqa və Trampın milli təhlükəsizlik müşavirinin müavini Robert Qabriel var.