İsrail Qəzzada 37 humanitar təşkilatın fəaliyyətini qadağan edib

Qəzzada humanitar təşkilatlara kütləvi qadağa

Sionist rejim bu gün açıqlama yayaraq Qəzza zolağında 37 böyük beynəlxalq humanitar təşkilatın fəaliyyətinə qadağa tətbiq ediləcəyini bəyan edib. Rəsmi Təl-Əviv bu qərarı yeni qəbul olunmuş qanunvericiliyə əsaslandıraraq, sözügedən təşkilatların İsrail hakimiyyətinə fələstinli əməkdaşlarının siyahısını təqdim etmədiyini iddia edib.

İsrailin Diaspora Məsələləri Nazirliyi yaydığı bəyanatda bildirib ki, təhlükəsizlik və şəffaflıq tələblərinə əməl etməyən təşkilatların lisenziyaları dayandırılacaq. Nazirliyin açıqlaması humanitar sektor üçün ciddi məhdudiyyətlərin başlanğıcı kimi qiymətləndirilir.

 

Humanitar vəziyyətin daha da pisləşəcəyi qorxusu

Bu qərar Qəzza zolağında artıq son dərəcə ağır olan humanitar vəziyyətlə bağlı ciddi narahatlıqlar doğurub. İki ilə yaxın davam edən İsrail hücumları nəticəsində Qəzza geniş miqyasda dağıdılıb, əhalinin böyük hissəsi təcili sığınacaq, tibbi yardım və ərzaq təhlükəsizliyinə möhtac vəziyyətə düşüb.

Humanitar qurumlar xəbərdarlıq edirlər ki, 37 təşkilatın fəaliyyətinin dayandırılması Qəzzaya yardımın daxil olmasında yeni və təhlükəli ləngimələrə səbəb ola bilər.

Son günlər İsrail bu qərarına görə beynəlxalq aləmdə artan tənqidlərə məruz qalıb. Qadağanın icrası beynəlxalq qeyri-hökumət təşkilatlarına verilmiş müddətin bitməsinə az qalmış gündəmə gəlib. Həmin öhdəliklər ilk dəfə ötən ilin mart ayında elan edilmişdi.

Avropa İttifaqı İsraili Qəzzaya humanitar yardımların çatdırılması qarşısındakı “maneələri dərhal aradan qaldırmağa” çağırıb.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk isə bildirib ki, bu cür əsassız və arbitrar qərarlar Qəzzada onsuz da ağır olan vəziyyəti daha da dərinləşdirir.

 

UNRWA: “Təhlükəli presedent yaradılır”

BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) baş direktoru Filipp Lazzarini İsrailin bu addımlarını “təhlükəli presedent” adlandırıb. O bildirib ki, bu məhdudiyyətlər beynəlxalq humanitar hüququn açıq şəkildə nəzərə alınmamasının və yardım əməliyyatlarına qarşı artan təzyiqlərin tərkib hissəsidir.

Lazzarininin sözlərinə görə, bu siyasət humanitar yardımın effektivliyini azaldır və bölgədə çalışan əməkdaşların təhlükəsizliyini risk altına atır.

Bu gün səhər saatlarında İsraildə fəaliyyət göstərən, sol yönümlü 17 təşkilatdan ibarət bir platforma da birgə bəyanat yayaraq qərarı pisləyib. Bəyanatda vurğulanıb ki, 37 beynəlxalq qeyri-hökumət təşkilatının siyahıdan çıxarılması humanitar fəaliyyəti sarsıdır, əməkdaşları təhlükə altına salır və yardımların bölgü mexanizmini ciddi şəkildə zəiflədir.

Müşahidəçilər hesab edirlər ki, bu addım Qəzza zolağında humanitar böhranın daha da dərinləşməsinə gətirib çıxara bilər.