Həbsdə olan inanclı fəal, noyabrın 9-dan azadlığa buraxılması üçün aclıq edən Nigar Bağırovanın səhhətinin pisləşdiyi bildirilir.
"Abzas Media"nın xəbərinə görə, N.Bağırova başgicəllənmə, ürək zəifliyi, döş qəfəsində ağırlıq hissi, ümumi halsızlıq, ürək döyüntülərinin artması, nəfəs darlığı, ürəkbulanma və mədə ağrılarından əziyyət çəkir.
Onun sürətlə çəki itirdiyi, gözlərinin ətrafında tünd həlqəvari ləkələrin əmələ gəldiyi deyilir.
Buna baxmayaraq, fəalın aclıq aksiyasını sona qədər davam etdirmək istədiyi bildirilir. Onun sözlərinə görə, Bakı İstintaq Təcridxanasında tibbi müayinədən keçirilmir və daimi həkim nəzarəti altında deyil.
N.Bağırova və daha beş inanclı qadın avqustun 15-də Binə qəsəbəsində İmam Hüseynin adına ehsan paylayıb Fələstin üçün şüarlar səsləndirərkən həbs olunublar. Onunla birgə saxlanılan Xoşqədəm Quliyeva, Şərqiyyə Sadıqova, Arzu Hüseynova, Aytən İbrahimova və Şəhla Fərəcova da noyabrın 9-da aclığa başlasalar da, səhhətlərində yaranan problemlərə görə dayanmalı olublar. N.Bağırova isə aclığı davam etdirməkdə israrlı olduğunu deyib.
Saxlanılan inanclı fəallar Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə təqsirləndirilirlər.
Özləri isə ittihamı rədd edirlər.
Günlərdir aclıq edən inanclı xanım Nigar Bağırovanın səhhəti pisləşib