ATƏT Minsk prosesi və onunla bağlı strukturların fəaliyyətini rəsmən dayandırıb. Bu barədə təşkilatın açıqlamasında bildirilir.
Məlumata görə, Minsk prosesinin və əlaqəli qurumların bağlanması 2025-ci il noyabrın 30-da başa çatıb. Bu addım Ermənistan və Azərbaycanın ATƏT-in Finlandiya sədrliyinə birgə müraciətindən sonra 2025-ci il sentyabrın 1-də Nazirlər Şurasının qəbul etdiyi qərara əsaslanıb.
Açıqlamada deyilir ki, bütün zəruri administrativ prosedurların tamamlanması prosesin rəsmi şəkildə yekunlaşdığını göstərir:
“Bu proses ATƏT-in 57 iştirakçı dövlətinin 1 sentyabr tarixli konsensus qərarının həyata keçirilməsidir. Qərar ABŞ prezidenti Donald Trampın iştirakı ilə 2025-ci il avqustun 8-də Vaşinqtonda Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycanın Prezidenti İlham Əliyevin imzaladığı tarixi Birgə Bəyannamədən sonra qəbul edilib”.
ATƏT-in Minsk qrupu 1992-ci ildə yaradılıb və Rusiya, Fransa və ABŞ-nin həmsədrliyində fəaliyyət göstərib. 2022-ci ilin aprelində Rusiyanın xarici işlər naziri Sergey Lavrov Paris və Vaşinqtonun Moskva ilə əməkdaşlıqdan imtina etdiyini açıqlayıb.
ATƏT Minsk qrupu fəaliyyətini rəsmən dayandırıb