10 gündür aclıq edən inanclı məhbus: “İlham Əliyev o qədər zəifdir ki, 6 xanımdan qorxdu”

Həbsdə olan inanclı fəal Nigar Bağırova həbsdə olan “Meydan TV” jurnalisti Xəyalə Ağayevaya müsahibə verib.

Noyabrın 9-dan barəsindəki həbs qətimkan tədbirinin uzadılmasına etiraz olaraq aclıq edən N.Bağırova müsahibədə saxlanma şəraitindən və həbsindən danışıb. 

O, səhhəti ilə bağlı deyib ki, hazırda özünü çox pis hiss etmir, amma ayaq üstə çox dayananda halsız olur və ürək döyüntüləri artır.

Fəalın sözlərinə görə, saxlandığı Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov ona və onunla birgə həbs edilən inanclı fəallara “tezliklə azadlığa çıxacaqları” haqda söz verib. 

“Biz də düşündük, yekə kişidir də, düz deyər. Sonra 8 Noyabr Zəfər Günündə bizim istintaq müddətimizi daha 2 ay uzatdılar. Mən zona hazırlaşırdım, indi onların acığına azadlığa çıxmaq istəyirəm. Biz cinayət törətməmişik ki, bu iş oyun-oyuncağa çevrilsin, istədikləri vaxt işi uzatsınlar. Mənimlə birgə tutulan bacıların xəstə uşaqları var, onlar anasız qalıblar”, - o deyib. 

N.Bağırova və daha beş inanclı qadın avqustun 15-də Binə qəsəbəsində İmam Hüseynin adına ehsan paylayıb Fələstin üçün şüarlar səsləndirərkən həbs olunublar. Onunla birgə saxlanılan Xoşqədəm Quliyeva, Şərqiyyə Sadıqova, Arzu Hüseynova, Aytən İbrahimova və Şəhla Fərəcova da noyabrın 9-da aclığa başlasalar da, səhhətlərində yaranan problemlərə görə dayanmalı olublar. N.Bağırova isə aclığı davam etdirməkdə israrlı olduğunu deyib. 

“Elnur İsmayılov bizə dedi ki, sizi məcbur “kars”a göndərməli olacam. Şərqiyyə bacıya deyib ki, siz orada 5 gündən artıq dözə bilməzsiniz. Mən də dedim ki, göndərsinlər, görək nə qədər dözürəm. Amma məni kameramdan çıxarmadılar. Yenə də məni ziyarət etmirlər, halımı soruşmurlar”, - o qeyd edib. 

Fəal heç bir qanun pozmadıqlarını və həbs olunmalarının siyasi olduğunu düşünür. 

“İlham Əliyev o qədər zəifdir ki, 6 xanımın camaatı ayağa qaldırıb, çevriliş etməsindən qorxdu. Sonra biz İmamın qırxında ehsan hazırladıq, küçənin kənarında yemək payladıq. Bizə deyirlər, niyə məscidə getmədik. Binədə zibillikdən yemək axtaran adamlar var. Hamı məscidə getmir. Biz də ehsanı ancaq dindarlar üçün paylamırdıq. Biz zülm ilə əzilən, aclıq çəkən xalqı düşündük. Onlar məscidə getmirsə, biz onların yanına gedirik. Hər yer Allahındır. Deyirlər, biz maşınlara mane olmuşuq. Orada kameralar vardı, açıb göstərsinlər. Ehsan verəndə camaat bizə gözəl sözlər deyirdi, dəstəkləyirdi. Bu da hakimiyyətin qəlbinə qorxu saldı. Bizi tutanlar elə zənn edirlər ki, həbsə göndərməklə özlərini sığortalayırlar. Onlar səfehdirlər”, - o vurğulayıb. 

Saxlanılan inanclı fəallar Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar,  silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə təqsirləndirilirlər.