17 saylı cəzaçəkmə müəssisəsində daha 2 inanclı aclıq aksiyasına qoşulub

Sentyabrın 26-dan aclıq aksiyasına başlayan 17 saylı cəzaçəkmə müəssisəsində 5 məhbusun etirazına daha 2 inanclı məhbus da qoşulub. Bu barədə aclıq aksiyasına qoşulan məhbuslar özləri xəbər verib.
Müəssisə rəhbərliyinə yazılı müraciət edən İsayev Bəxtiyar və Nəbiyev Akif aksiyaya sentyabrın 28-dən qoşulub. Müraciət ərizələri həftə sonu olduğu və rəhbərliyin bazar ertəsi iş başında olma səbəbindən qəbul edilsə də təsdiqlənməyib.
Xatırladaq ki, artıq aylardır ki, 17 saylı müəssisədə inanclılar müəssisə rəhbəri Şəfaət Abbasovun həbsxana daxil müxtəlif təxribat addımları ataraq məhbuslar arasında mübahisələr yaratmaq cəhdləri həyata keçirdiyini bildirərək rəhbərliyin müəssisədə fəal olan şəxsləri cəzalandırmaq üçün planlı addım icra etdiyini bildirirlər.
Məsələ ilə bağlı dəfələrlə bu tip münaqişələrin məhbuslar tərəfindən qarşısı alınsa da Ş. Abbasov hər dəfə yeni bir qadağa tətbiq edərək maneələr yaratmağa davam edir. Buna etirazını bildirən məhbuslardan 5 nəfəri sentyabrın 26-dan müddətsiz aclıq aksiyasına başlayıb.
Son məlumata görə aclıq edən hər 7 məhbus rəhbərlik tərəfindən karserə salınıb.