Həbsxanalarda müxtəlif bəhanələr müəssisə rəhbərliyinin maraqlarına xidmət edir və bu, dustaqlar üzərində “rejim” sisteminin qurulması ilə nəticələnir. Hər bir zonda rəhbərliyin diktəsi altında digər məhbusları qanundan kənar “qanun” sisteminə tabe etmək üsulu – idarəçilik forması kimi tətbiq olunur və bu, məlum dairələrin sifarişi əsasında həyata keçirilir. Bu məqsədlə “qara” qüvvələrə xidmət edən “rejim” əməkdaşları rəhbərliyin həbsxanada xoşlamadığı, əslində qanuni hüquqlarını müdafiə edən məhbusları özünəməxsus şəkildə cəzalandıraraq müəssisədə süni sakitlik yaratmağa çalışırlar.
Son günlər 17 saylı cəzaçəkmə müəssisəsində yaşananlar deyilənlərin əyani sübutudur. Bu müəssisənin rəisi Şəfaət Abbasov barədə məhbusların çoxsaylı şikayətləri dəfələrlə işıqlandırılsa da, Ədliyyə Nazirliyinin “sakitlik naminə zor” prinsipi bütün bu iddiaların görməzdən gəlinməsi ilə nəticələnib.
Nəticədə Ş. Abbasov və əməliyyat rəisi Məmməd Zeynallı bundan ilhamlanaraq məhbuslara qarşı daha sərt davranışlar nümayiş etdirirlər. Onlar bunu birbaşa deyil, öz idarələrində olan məhbusların əli ilə həyata keçirərək məsuliyyətdən yayınmağa çalışırlar.
Məhbuslar dəfələrlə mövcud haqsızlıqlara qarşı birlik nümayiş etdirərək məsələlərin hüquqi yolla həllinə nail olublar. Lakin bu, Ş. Abbasov və M. Zeynallını fəal məhbusları cəzalandırma yolları axtarmağa vadar edib.
Daha əvvəl sizə onkoloji xəstəlikdən əziyyət çəkən Ələddin İbişov barədə məlumat vermişdik. Vəziyyəti ağırlaşan bu inanclı məhbus üçün 17 saylı müəssisədə məhbuslar birlik nümayiş etdirərək rəhbərlikdən problemin həllini tələb etmişdilər.
Hadisə böyüyəndə Ə. İbişov təcili şəkildə Penitensiar Xidmətin Müalicə Mərkəzinə köçürülsə də, rəhbərlik təşəbbüskar məhbusları cəzalandırmaqdan çəkinməyib. Əvvəlcə əməliyyat rəisi M. Zeynallı həbsxanada guya sünni-şiə qarşıdurmasının yaşandığını iddia edərək bəzi məhbusları “ara qarışdırmaqda” günahlandırıb. Lakin həm sünni, həm də şiə məhbuslar birlik nümayiş etdirərək aralarında heç bir problemin olmadığını bildirəndən sonra rəhbərlik başqa plana əl atıb.
M. Zeynallının əlaltısı olan bir neçə “yardımçı” məhbus həbsxanada süni mübahisə yaratmağa cəhd edib. Dustaqlar hadisəyə etiraz edərək sükut yaradan kimi M. Zeynallı planı işə salıb və əvvəlcədən seçilmiş 6 məhbusu “ixtişaş” bəhanəsi ilə karserə salıb.
Digər məhbuslar bunun qəsdən qurulmuş oyun olduğunu bildirərək rəis Şəfaət Abbasovla görüşüb onların günahsız olduqlarını deyiblər. Ş. Abbasov işi araşdırıb azad edəcəyinə söz versə də, ertəsi gün (sentyabrın 25-də) səhər tezdən həmin 6 məhbus 17 saylı müəssisədən çıxarılaraq digər cəzaçəkmə müəssisələrinə köçürülüb.
Şübhəsiz ki, bu cəza üsulu həmin altı məhbusun yalnız göndərildikləri zonalarda deyil, qısa müddətdən sonra ciddi qapalı rejimli müəssisəyə – “krytaya” köçürülməsi ilə tamamlanacaq. Bu isə digər dustaqlara “göz dağı” vermək məqsədi daşıyır. Rəhbərlik isə özünü “günahsız” göstərərək baş verənləri guya məhbuslararası qarşıdurma kimi təqdim edəcək.
Aydındır ki, bu cür “cəzalandırma” üsulu artıq bütün zonalarda rəislərin “qara yollar”la məhbusları əzmək üçün istifadə etdikləri vasitəyə çevrilib. Penitensiar Xidmət isə bu halları görməzdən gələrək müəssisələrdə hər vasitə ilə “sakitliyin qorunması” prinsipini əsas götürür.
17 saylı cəzaçəkmə müəssisəsində yeni “cəzalandırma” üsulu