Azərbaycan yeyinti məhsullarının 80%-ni Rusiyaya ixrac edir

Azərbaycan və Rusiya arasında müəyyən yeyinti məhsulları üzrə ticarət dövriyyəsi artıb. 

Bu barədə kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli “Facebook” səhifəsində xəbər verib. 

O, Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən bildirib ki, bu ilin yanvar-may aylarında Azərbaycan Rusiyaya meyvə-tərəvəz ixracını ötən ilin ilk 5 ayı ilə müqayisədə fiziki çəkidə 20 faiz artırıb.  

Rusiyadan buğda idxalı isə 50 faizdən çox artıb. 

Ekspert qeyd edir ki, ümumilikdə, Azərbaycanın ixrac etdiyi yeyinti məhsullarının təxminən 80 faizi və idxal etdiyi ərzaq məhsullarının 25 faizi Rusiyanın payına düşür. 

Azərbaycan Rusiyaya ən çox meyvə, tərəvəz və kartof, Rusiya isə Azərbaycana daha çox buğda, buğda unu, kartof, diri heyvanlar və bitki yağları ixrac edir.

Statistika Komitəsinin məlumatına görə, ötən il Rusiyadan idxal 3 milyard 621 milyon 472 min dollara, ixrac isə 1 milyard 178 milyon 347 min dollara bərabər olub.