Türkiyə Energetika naziri: İrandan təbii qaz nəqli davam edir

Türkiyə Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar Türkiyənin əsas təbii qaz təchizatçılarından biri olan İranın qaz nəqlini davam etdirdiyini açıqlayıb.

Bayraktar, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) və "Qlobal enerji bazarı: İstehsalçılar və istehlakçılar arasında tarazlığın tapılması" adlı paneldə çıxış edib.

İsrail-İran gərginliyinin enerji təchizatında yaratdığı risklərdən danışan Bayraktar bunları qeyd edib:

"İran Türkiyə bazarı üçün əsas təbii qaz tədarükçülərindən biridir. Əvvəllər neftin əsas təchizatçılarından biri olub. Onlar hələ də bizə təbii qaz verirlər. Bu qaza ehtiyacımız var. Yəqin ki, bu il tələbatımız 60 milyard kubmetrə çatacaq və 60 milyard kubmetr çox böyük məbləğdir. Biz Avropada dördüncü ən böyük qaz istehlakçısıyıq. Ona görə də bu qazı bazara çıxarmaq üçün əlavə həcmlərə ehtiyacımız var."