"Fələstin və Qəzzədə baş verən hadisələr sadəcə bir siyasi qarşıdurma deyil, bu, bütün bəşəriyyətin vicdanını sınağa çəkən böyük bir humanitar fəlakətdir. Bu torpaqlarda illərdir davam edən işğal, təcavüz, günahsız qadınların, uşaqların və mülki insanların həyatına son qoyulması, artıq dözülməz həddə çatmışdır. Minlərlə məzlumun qanı yerdə qalır, uşaq məzarlıqları böyüyür, ailələr evsiz-eşiksiz qalır. Bu, yalnız bir xalqın deyil, bütün insanlığın qürurunun sındırılmasıdır.
Biz, Azərbaycan xalqı olaraq, tarix boyu məzlumların yanında olmuşuq. Sülh, ədalət və insan haqları kimi ilahi dəyərləri yalnız şüar səviyyəsində deyil, həyat tərzimizdə, inancımızda və ruhumuzda yaşatmışıq. Bu prinsiplərə əsaslanaraq, Qəzzədə törədilən bu vəhşiliklərə qarşı səssiz qala bilmərik. Zülmə susmaq, zülmün bir parçası olmaq deməkdir.
Belə bir məqamda, İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana rəsmi səfəri xəbəri cəmiyyətimizdə dərin hiddət və narahatlıqla qarşılanmışdır. Çünki bu şəxs, hazırda Fələstin xalqına qarşı həyata keçirilən çoxsaylı insan hüquqları pozuntularının və hərbi cinayətlərin məsuliyyət daşıyıcısıdır. Onun əlində minlərlə günahsız insanın qanı var. Belə bir "insanın" müsəlman bir ölkədə, xüsusilə də sülhə, ədalətə və vicdana sadiq olan Azərbaycan xalqının torpağında qarşılanması, bu dəyərlərlə ziddiyyət təşkil edir.
Biz bu səfərə qarşı qəti etirazımızı bildirir, Azərbaycan hökumətindən və cəmiyyətindən gözləyirik ki, bu cür təcavüzkar siyasəti təmsil edən bir şəxsin rəsmi şəkildə qəbul olunmasına imkan verilməsin. Səssiz qalmaq zülmə haqq qazandırmaqdır. Azərbaycan xalqının adına və mənəvi kimliyinə yaraşan mövqe, məzlumun tərəfində olmaq və zalımı qınamaqdır.
Fələstin xalqı tək deyil. Biz bir ümmət olaraq onların yanında durduqca, zalımların planları puç olacaq. Sonda qeyd edim ki, biz sülhün təbliğatçılarıyıq, lakin zülmə qarşı susmayanlar olaraq tarixdə qalmaq istəyirik.
İlahiyyatçı Amid Əliyev: “Səssiz qalmaq zülmə haqq qazandırmaqdır”