Jurnalistlər prokurorluqda dindirilib

İyulun 14-də bastainfo.com saytının əməkdaşları Rüfət Baxışbəyli, Könül Alı, habelə, Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Tural Hacıbəyli Bakı Şəhər Prokurorluğunda şahid qismində dindiriliblər.

Bu haqda Turan-a Müsavat Partiyasından bildiriblər.

Onların ifadələri bastainfo.com saytına qarşı açılan cinayət işi üzrə alınıb. Dindirmənin detalları haqda bilgi verilmir.

İyulun 14-də Turan-a Müsavat Partiyası bastainfo.com saytının əməkdaşlarının prokurorluqda dindirilməsi, davamlı sorgu-sual edilmələri ilə bağlı bəyanat da yayıb.

Bəyanatda bildirilir ki, iyulun 7-də Baş prokurorluqda bastainfo.com saytına Cinayət Məcəlləsinin 313-cü (bilərəkdən yalan məlumat yaymaq, vəzifə saxtakarlığı) maddəsi ilə cinayət işi qaldırılmasının heç bir hüquqi əsası yoxdur.

Bəyanatda heç bir məhkəmə qərarı olmadan iyulun 10-dan Baş Prokurorluğun təqdimatına əsasən bastainfo.com saytına Azərbaycandan girişin blok edildiyi, saytın rəhbəri Mustafa Hacıbəylinin 5 gün ərzində prokurorluqda şahid qismində dindirildiyi vurğulanır.

"Müsavat Partiyası baş verənləri Azərbaycanda söz və ifadə azadlığına qarşı növbəti təhdid kimi kimi qiymətləndirir. Hesab edir ki, hakimiyyətin bastainfo.com saytına və Müsavat Partiyasının funksionerlərinə qarşı həyata keçirdiyi bu qanunsuz təzyiqlər Konstitusiya ilə hüququn aliliyinin bəyan edildiyi cəmiyyətdə yolverilməz olmaqla bərabər, həm də cəmiyyətdə olan gərginliyi daha da artiirilmasına gətirib çıxarır", bəyanatda yazılır.

Müsavat Partiyası hakimiyyətdən təzyiqlərə son qoyulmasını tələb edib.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, iyulun 3-də Rusiya vətəndaşı Yunis Səfərovun Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı törətdiyi sui-qəsdlə bağlı bəzi KİV-lərin vəzifəli şəxsləri, ayrı-ayrı şəxslər tərəfindən internet informasiya resursları vasitəsilə həqiqətə uyğun olmayan təxribat xarakterli məlumatlar yayılıb.

Fakt üzrə Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 313-cü (vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi) maddələri ilə cinayət işi başlanıb.

Prokurorluq "bastainfo.com", "criminalaz.com", "topxeber.az" və "fia.az" internet saytlarına girişin məhdudlaşdırılması üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edib.

Mütəxəssislər bunu söz və ifadə azadlığının məhdudlaşdırılması kimi dəyərləndirirlər.

Hakimiyyət bundan öncə də bir sıra saytların bloklanmasına qərar verib. Beynəlxalq təşkilatlar bu addımı tənqid ediblər.