Jurnalist media qanunu ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib

“Arqument.az” saytının təsisçisi və baş redaktoru Şəmşad Ağa “Media haqqında” Qanunun Konstitusiyaya uyğun olub-olmadığının müəyyənləşdirilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edib. 

Operativtv.com Toplum TV-yə istinadən xəbər verir ki, bu barədə Şəmşad Ağa sosial media hesabında məlumat verib. 

Jurnalist yazıb: 

"Bu gün Beynəlxalq Mətbuat Azadlığı Günüdür.

Azərbaycan bu il media azadlığı indeksində 151-ci yerdə qərarlaşıb: Əfqanıstanla eyni sırada…

Azərbaycanda Avropa İnsan Hüquqları Konvensiyasına və Azərbaycan Konstitusiyasına zidd bir qanun(suzluq) - “Media haqqında” Qanun qəbul edilib. 

Bu gün “Arqument.az” saytının təsisçisi və baş redaktoru kimi Konstitusiya Məhkəməsinə müraciət etdim. 30 səhifəlik əsaslandırılmış müraciətimdə qanunun Konstitusiyaya uyğun olub-olmadığının müəyyənləşdirilməsini, qanunun tətbiqinin dayandırılmasını və Milli Məclisə qanunun Konstitusiyaya uyğunlaşdırılmasını tövsiyə etməsini xahiş etdim". 

Xatırlatma 

“Media haqqında” qanunu Prezident İlham Əliyev 2022-ci ilin fevral ayında təsdiqləyib.

Qanun media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.

Qanun qəbul edildikdən sonra bir sıra yerli və beynəlxalq ekspertlərin və təşkilatların tənqidinə məruz qalıb. Onlar qanunu Azərbaycanda mətbuat azadlıqlarını məhdudlaşdırmaq üçün növbəti cəhd kimi qiymətləndirirlər.