İYİ Partiyasının sədri Meral Akşener “Altılı masa”dan ayrılıb

Operativtv.com MeydanTV-yə istinadən xəbər verir ki, Akşener görüşdən sonra onun təklifləri masa tərəfindən rədd edildiyi bildirilb.
Onun sözlərinə görə, dünən keçirilən iclasda 5 siyasi partiya Kılıçdaroğlunun namizədliyi üzərində dayanıb, amma o, bu təklifi qəbul etməyib:
“Dünənki iclasda biz Mansur Yavaş və Əkrəm İmamoğlunu prezidentliyə namizəd kimi təklif etdik. Millətimizin gözləntilərinin masanın qərarlarında da əks olunmasına səy göstərdik, amma təkliflərimiz rədd edildi”.
Akşener deyib ki, “Altılı masa” millətin iradəsini əks etdirmir:
“Bu masa artıq potensial namizədlərin müzakirə oluna biləcəyi ümumi müdriklik platforması deyil və vahid namizədin təsdiqi üçün işləyən notariat masasına çevrilib”.
“Biz qumar və ya notarius masasında olmayacağıq. 85 milyon insanın taleyini heç vaxt kor-koranə görməzdən gəlməyəcəyik. Yavaşa və İmamoğluna çağırışımdır. Camaat sizi vəzifəyə çağırır. Kritik qırılma astanasında, millət sizi vəzifəyə çağırır. Bu vəzifə millətin səsini eşitmək vəzifəsidir. Bu vəzifə danılmaz bir vəzifədir. Çünki bu qərar xalqa məxsusdur. Ya tarix yazacağıq, ya da tarix olacaq”, - o, fikrini belə tamamlayıb.
Akşenerin çıxışı partiya üzvləri tərəfindən sürəkli alqışlarla qarşılanıb.