ABŞ və Çin artırdıqları rüsumları 90 günlüyə azaldır

Mayın 12-də Ağ ev məlumat yayıb ki, ABŞ və Çin qarşılıqlı olaraq 90 gün müddətində gömrük rüsumlarının azaldılması barədə razılıq əldə edib. Ağ evin mətbuat açıqlamasında qeyd olunub ki, ABŞ və Çin hökumətləri ikitərəfli iqtisadi və ticarət münasibətlərinin əhəmiyyətini nəzərə alaraq, mayın 14-dən etibarən rüsumların azaldılmasına qərar veriblər.

ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib ki, hər iki ölkə qarşılıqlı rüsumları 115 faiz azaldacaq. Bununla da ABŞ tətbiq etdiyi rüsumları 145%-dən 30%-ə, Çin isə 125%-dən 10%-ə endirəcək.

Aprelin 2-də ABŞ prezidenti Donald Tramp, demək olar, bütün ölkələrdən idxal olunan mallara ticarət rüsumları tətbiq ediləcəyini elan edib. Aprelin 9-da isə o, bütün ölkələr üçün tariflərin tətbiqini müvəqqəti dayandırdığını və əsas rüsumu 10%-ə endirdiyini bəyan edib. Ancaq bu, yalnız Çinə aid edilməyib və bu ölkə üçün rüsumlar artırılıb. Pekin də Vaşinqtona cavab olaraq idxal tariflərini yüksəldib.

Tramp administrasiyasının addımlarına cavab olaraq Çin Ümumdünya Ticarət Təşkilatına (ÜTT) bəyanat göndərib və bu bəyanatda qlobal ticarətin sabitliyinə təhlükə yarandığı qeyd olunub.

Ağ evin yaydığı məlumatda deyilir ki, tərəflər iqtisadi və ticarət əlaqələri ilə bağlı müzakirələri davam etdirmək üçün mexanizm yaradacaqlar: "Bu müzakirələrdə Çin tərəfdən nümayəndə Dövlət Şurasının rəhbərinin müavini He Lifen, ABŞ tərəfdən isə maliyyə naziri katibi Skott Bessent və ABŞ-nin ticarət nümayəndəsi Ceymison Qrir olacaq. Bu müzakirələr növbə ilə Çin və ABŞ-də və ya tərəflərin razılığı ilə üçüncü ölkədə aparıla bilər".

Vurğulanıb ki, tələb olunduqda hər iki tərəf müvafiq iqtisadi və ticarət məsələləri üzrə işçi səviyyəsində məsləhətləşmələr apara bilər.