İsrailin Qəzza soyqırımında 24-cü gün

Oktyabrın 7-də Qəzzadan başladılan Əl-Əqsa tufanı əməliyyatının ardından İsrailin Qəzzaya hücumları 24-cü gündə də davam edir.

Fələstinin Cəvval telekommunikasiya şirkətinin Qəzza şöbəsi şəhərin şimal hissəsindəki bəzi bölgələrdə internetə çıxışın və rabitənin kəsildiyini açıqlayıb. Digər tərəfdən, Fələstin Səhiyyə Nazirliyi, İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda 3 min 342-si uşaq, 2 min 262-si qadın olmaqla 8 min 500 nəfərin şəhid olduğunu, 20 min 242 nəfərin isə yaralandığını açıqlayıb. Sionist İsrail mətbuatı Qəzzadan həyata keçirilən hücumlarda 311 əsgər olmaqla 1400 israillinin həlak olduğunu, 5132 nəfərin isə yaralandığını açıqlayıb. İsrailin oktyabrın 7-dən blokadada olan Qəzza zolağına hücumlarında həyatını itirən jurnalistlərin sayı 35-ə yüksəlib.

Save the Children bazar günü bildirib ki, son üç həftədə Qəzzada öldürülən uşaqların sayı 2019-cu ildən bəri müharibə bölgələrində öldürülən uşaqların illik sayını keçib. “Qəzzada itkin düşdüyü bildirilən daha min uşağın dağıntılar altında qaldığını fərz etsək, ölənlərin sayının daha çox olması ehtimalı var”, - deyə məlumatda bildirilir.

Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Baş prokuroru Kərim Xan Misir və Qəzza zolağı arasındakı Rəfah Sərhəd Qapısına baş çəkib və humanitar yardımın Qəzzaya çatmasının qarşısının alınmaması lazım olduğunu vurğulayıb.

Digər tərəfdən Fələstin xəbər agentliyi WAFA-nın xəbərinə görə, Cenin Dövlət Xəstəxanasının müdiri Visam Bekr Əmir Abdullah Şorbacı adlı fələstinli gəncin güllələnərək öldüyünü bildirib. Sionist İsrail əsgərlərinin açdığı atəş nəticəsində yaralanan iki nəfərdən birinin vəziyyəti ağır olaraq qalır.

Cənin şəhərindəki mənbələrin məlumatına görə, sionist rejim ordusu iki inşaat maşını və təxminən 100 hərbi maşınla şəhərə basqın edib. İbn Sina xəstəxanasının ətrafını mühasirəyə alan sionist rejim ordusu pilotsuz uçuş aparatlarının kəşfiyyat uçuşları ilə müşayiət olunan reyd və blokada zamanı fələstinlilərin müqaviməti ilə qarşılaşıb.

İbn Sina xəstəxanasının ətrafındakı binaların damına yerləşdirilən sionist snayperlər fələstinlilərə atəş açıblar.

İşğalçı İsrail ordusunu müşayiət edən tikinti texnikasının şəhərin müxtəlif yerlərində yollara və infrastruktura ziyan vurmaqda davam etdiyi bildirilib.