İran Hörmüz boğazında neft tankerini saxlayıb

ABŞ Hərbi Dəniz Qüvvələri Mərkəzi Komandanlığının 5-ci Donanması Hörmüz boğazında İran tərəfindən neft tankerinin ələ keçirilməsi ilə bağlı bəyanat yayıb.

Ooerativtv.com APA-ya istinadən xəbər verir ki, bu gün yerli vaxtla səhər saat 06:20-də Panama bayrağı ilə üzən “Niovi” neft tankerinin Hörmüz boğazından keçərkən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri tərəfindən ələ keçirildiyi bildirilib.

Bəyanatda qeyd olub ki, İranın hərəkətləri beynəlxalq hüquqa ziddir və regional təhlükəsizlik və sabitliyi pozur: “İranın gəmilər üçün yaratdığı narahatlıqlar və regional sulardan istifadə hüququna müdaxilə etməsi dənizçiliyin təhlükəsizliyinə və qlobal iqtisadiyyata təhdiddir”.

Xatırladaq ki, ötən həftə Marşal Adaları bayrağı ilə Oman körfəzində beynəlxalq sularda üzən “Advantage Sweet” adlı neft tankeri İran İslam İnqilabı Keşikçiləri Korpusu donanması tərəfindən saxlanılmışdı.