"Bu il Gömrük Komitəsi tərəfindən 1 milyard manata yaxın dövlət büdcəsinə vəsait daxil olub. Ancaq biz rüsumları və gömrük tariflərini artırmamışıq. Bəs bu qədər vəsait nəyin hesabına büdcəyə daxil olub? Bu vəsait Gömrük Komitəsində rüşvətxorluğun qarşısının alınması nəticəsində daxil olub”.
Bunu deputat Vahid Əhmədov deyib. O, 2019-cu ilin büdcə zərfinin müzakirəsi ilə bağlı Milli Məclisin komitələrinin birgə iclasında çıxış edib.
Deputat Gömrük Komitəsində aparılan kadr siyasətini müsbət qiymətləndirib. O vurğulayıb ki, komitə əvvəldən bu cür işləsəydi, müstəqillikdən sonra təkcə gömrük sahəsindən 27 milyard pul edirdi: "Bu məbləğ hələ indi büdcəyə daxil olur. Bunu əvvəllər kim mənimsəyibsə, məsələni araşdırmaq artıq hüquq-mühafizə orqanlarının işidir”.
Vahid Əhmədovun sözlərinə görə, Azərbaycanda kölgə iqtisadiyyatının həcmi çox böyükdür.
"Təəssüflər olsun ki, vergilərdə və gömrükdə müəyyən kadr islahatlarının aparılmasına baxmayaraq, hələ də ciddi irəliləyişlər yoxdur. Kölgə iqtisadiyyatı hələ də çox yüksək səviyyədədir. Mən burada rəqəmi açıqlamaq istəmirəm, amma bunu aradan qaldırmaq üçün ciddi işlər görülməlidir. Vergi sistemində hələ də əvvəlki prinsiplər işləyir, xoş olmayan məqamlar yaşanır” – deyən deputat qeyd edib ki, vergilər nazirinin islahatlarının neqativlərin aradan qalxmasına səbəb olacağına inanır.
Vahid Əhmədov onu da əlavə edib ki, dövlət zəmanəti ilə verilən kreditləri onu alan həmin qurum özü qaytarmalı, kreditin qaytarılmasını dövlətin, Maliyyə Nazirliyinin üzərinə atmamalıdır: "Bu məsələdə ciddi şəffaflıq təmin olunmalıdır, zəmanət verilən qurumların fəaliyyətinə, ciddiliyinə fikir yetirmək lazımdır. Hər kəsə dövlət zəmanəti ilə kredit verilməməlidir. Kredit verilib, götürmüsən, canın sağ olsun, indi zəhmət çək, vaxtında da ödə”.
Parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov isə gömrük və vergi orqanları ilə bağlı səsləndirilən iradlarla razılaşmayıb. O bildirib ki, həm vergilər, həm də gömrükdə aparılan işlər, həyata keçirilən islahatlar, əldə olunun uğurlar göz qabağındadır:
"Hər iki qurumdakı yeni rəhbərliklərin sayəsində qısa müddət ərzində çox böyük addımlar atılıb. Niyə bunları görməyək axı? Mən tənqid edən dostlara deyirəm ki, tələsməsinlər, darıxmasınlar, bir qədər də səbrli olsunlar. İslahatlar hələ başa çatmayıb, davam edir. Əsl nəticələr sonda bilinəcək. Gəlin, hər şeyə düz gözlə baxaq. Düz gözlə baxaq ki, hər şeyi düz görək, düz də qiymətləndirək”.
Deputat Əli Məsimli deyib ki, növbəti ilin büdcəsində artımlar olsa da, Azərbaycan büdcəsi və iqtisadiyyatının sosial blokla yetərincə əlaqəsi yoxdur: "Necə olur ki, Cənubi Qafqazın iqtisadiyyatın 2/3-ni təşkil edən Azərbaycanda minimum əmək haqqı başqalarından aşağıdır? Bu, heç bir məntiqə sığan şey deyil”.
Onun sözlərinə görə, bu, Hesablama Palatasının rəyində də öz əksini tapıb. Azərbaycan vətəndaşlarının gəlirlərinin strukturu analiz olunmalıdır. Çünki büdcədə əmək haqqının payı çox aşağıdır. Neçə ildir ki, Azərbaycanda inflyasiyanın artım tempi əhalinin gəlirlərini üstələyir. İndiyə qədər əmək haqqının artımı inflyasiyanı kompensasiya etməyib. Bununla bağlı ciddi analizlər aparılmalıdır. Büdcə təşkilatlarında çalışanların maaşlarının artırılması istiqamətində gözə görünən, nəzərə çarpan addımlar atılsın”.
Əli Məsimli vurğulayıb ki, Azərbaycanda təkcə büdcədən ayrılan vəsait hesabına ümumi daxili məhsulu 3 faizə qədər artırmaq olar. "Necə olur ki, o qədər vəsait ayrılır, ancaq ümumi daxili məhsulun 2 faiz artırılması proqnozlaşdırılır və cəmi 0,8 faiz artım var? Deməli, vəsaitdən səmərəli şəkildə istifadə olunmur. Bunu başqa cür izah etmək mümkün deyil. Ona görə də hesab edirəm ki, bu istiqamətdə monitorinqlər aparılmalıdır”.
Deputat Zahid Oruc deyib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynaması ilə haqlı olaraq öyünın dövlət olsa da, "Azərenerji" uzun illər SOCAR xəttindən dotasiyalaşan və sonra da borcları silinən sektor olaraq qalır: "Prezident çox haqlı olaraq məlum müşavirədə "Azərenerji" rəhbərliyini qınayıb. Bu adamlar nə üçün məsuliyyətsizliyə yol veriblər ki, ölkənin özünün daxili enerji təhlükəsizliyinə ziyan gəlmiş olub? "Azərenerji" bundan sonra nə qədər dövlətin çiynində yük olaraq daşınmağa davam edəcək? Bu məsələyə aydınlıq gətirilməlidir”.
Maliyyə naziri Samir Şərifov deyib ki, yeni büdcə neftdən asılılığın azaldılmasına yönəlib:
"Yəni neft qiymətləri aşağı düşdükdə, biz dərhal xərcləri azaltmamalıyıq. Çünki bu, ikinci zərbə kimi olacaq. Yeni büdcə qaydasına riayət etsək, özümüzü təhdidlərdən qorumuş olacağıq. İqtisadi siyasətimizi həyata keçirməkdə diqqətli olmalıyıq. Dövlət Neft Fondundan büdcəyə transfert eyni zamanda tədiyyə balansının, valyuta bazarının tənzimlənməsində böyük rola malikdir”.
S.Şərifov deyib ki, büdcə gəlirləri ilə bağlı yeganə risk faktoru digər neft gəlirlərindən əldə ediləcək daxilolmalar ola bilər: "Söhbət mənfəət vergisindən gedir. Bunun da ödəyiciləri SOCAR-dır. SOCAR-ın isə xarici valyutada daxilolmaları o qədər yüksək deyil. Əvvəl daha çox xam nefti, neft məhsullarını xarici bazarlara yönəldirdisə, hazırda daxili istehlakımız kifayət qədər yüksək sürətlə artır. Nəticə etibarilə daxili bazarda məhsullarını satır. Daxili bazarda isə vergilərimiz Vergilər Nazirliyi tərəfindəın müvafiq qaydada yığılacaq".
O bildirib ki, digər risk neftin qiymətinin azaldığı təqdirdə beynəlxalq konsorsiumlar tərəfindən ödənilən mənfəət vergisinin azalması ola bilər:
"Biz də bunun əhəmiyyətli risk kimi qiymətləndirmirik".
Maliyyə naziri bildirib ki, növbəti ildə böyük vergi islahatına gedilir ki, bu da dövlət tərəfindən atılan kifayət qədər cəsarətli addımdır:
"Müəyyən müddət ərzində dövlət büdcəsinin müəyyən gəlirindən faktiki olaraq imtina edir, iqtisadiyyatda şəffaflaşma baş verməsini, kölgə iqtisadiyyatının tədricən azaldılmasını və sahibkarlar üçün stimul yaradılmasını istəyirik. Sahibkarları həvəsləndiririk ki, onlar da bu addımı dəstəkləsinlər. Sosial sığorta haqlarının işçi və işəgötürən arasında bölgü məsələsinə toxunmuşuq. Bunlardan sonra belə, Dövlət Neft Fondundan transfert əhəmiyyətli dərəcədə artmır".
O qeyd edib ki, əvvəllər Dövlət Neft Fondunun xətti ilə bir sıra layihələr maliyyələşdirilirdi. Qeyd edib ki, indi bunlar dövlət büdcəsi ilə maliyyələşdiriləcək.
Samir Şərifov Azərbaycan manatına təzyiqləri artıran amillərdən də danışıb. O deyib ki, neftin qiymətində müəyyən sabitləşmənin Azərbaycana müsbət təsiri ehtimal olunsa da, regiondakı iqtisadi təlatümlərin ölkə iqtisadiyyatına potensial mənfi təsirləri də nəzərdən qaçırılmamalıdır.
Nazirin sözlərinə görə, Azərbaycanla qonşu ölkələrin və əsas ticarət tərəfdaşlarının milli valyutalarının ucuzlaşması manatın məzənnəsinə təzyiqləri artırır.
Samir Şərifov vurğulyıb ki, qonşu ölkələrin və əsas ticarət tərəfdaşlarımızın milli valyutalarının ucuzlaşması bir tərəfdən yerli istehsalçıların ixrac imkanlarının azalması, digər tərəfdən isə ölkəyə idxalın artımı riskini aktuallaşdırır:
"Xarici makroiqtisadi təhdidlərin ölkə iqtisadiyyatına təsirinin qarşısının alınması 2019-cu ildə həyata keçiriləcək monetar və fiskal siyasətin əsas hədəflərindən biri olacaq. Bununla yanaşı, büdcənin sabitliyinin, ortamüddətli dayanıqlılığın təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. 2019-ci il də daxil olmaqla, növbəti illərin icmal və dövlət büdcələri yeni qəbul edilmiş büdcə qaydasına uyğun hazırlanacaq”.
Vergilər naziri Mikayıl Cabbarov isə deyib ki, Vergilər Nazirliyi vergitutma rejiminin təkmilləşdirilməsi və digər tədbirlər vasitəsilə vergitutma bazasının genişləndirilməsini proqnozlaşdırır. Qarşımızda duran əsas məqsəd iqtisadi artımın təmin edilməsi, sahibkarlığın inkişafının dəstəklənməsi, özəl investisiyaların səmərəli təşviqidir. Bu məqsədlə bərabər vergi yükünün təmin edilməsi qarşımızda duran əsas vəzifə kimi qəbul edilib. Qeyri-neft sektorunda nəzərdə tutulan vergi güzəştlərinin islahatı da buna yönəlib. Əmək bazarının və əmək haqqı sisteminin şəffaflaşdırılması üçün güclü vergi stimullarının yaradılmasını düşünürük. Vergidənyayınma miqyasının azaldılması üçün mal dövriyyəsinin sənədləşdirilməsi, aksizli malların dövriyyəsinə nəzarətin güclənməsi kimi istiqamətlər müəyyənləşib. Vergitutma rejiminin təkmilləşdirilməsi və digər tədbirlər vasitəsilə vergitutma bazasının genişlənmdirilməsi, vergi ödənişlərinin optimalllaşdırılması və iqtisadi səmərəsinin yüksəldilməsi, ayrı-ayrı sahələrin iqtisadi inkişafını təmin etmık üçün güzəştlərin tətbiqi kimi istiqamətlər müəyyən olunub" – nazir bildirib.
İclasda çıxış edən əmək və əhalininin sosial müdafiəsi naziri Sahil Babayev deyib ki, növbəti ildə orta aylıq əmək pensiyası 241 manat olacaq. Onun sözlərinə görə, 2019-cu il üçün Dövlət Sosial Müdafiə Fondunun büdcə gəlirləri 3 milyard 928 milyon manat məbləğində proqnozlaşdırılır və bu vəsaitin 97 faizi əhaliyə yönəldiləcək. "Nəticədə də ödəniləcək əmək pensiyalarının məcburi dövlət sığorta haqları hesabına sosial müavinətlərin məbləği artacaq. Yaşa görə əmək pensiyasının orta aylıq məbləği 272 manata çatacaq. Bu isə həyata keçirilən siyasətin ana məqsədidir. Digər tərəfdən, işsizlikdən Sığorta Fondunun büdcəsi 83 milyon 451 min manat məbləğində proqnozlaşdırılır. Bu qiymətləndirmə cari ilin göstəricilərindən 4.7 faiz artıq olacaq”.
Nazir qeyd edib ki, sosial müdafiə, sosial təminat tədbirlərinin 2,1 min nəfəri əhatə etməsi gözlənilir. Gələn il pensiya alanların sayı təxminən 1 milyon 294 min nəfər, sosial müavinət və təqaüd alanların sayı isə 571 min nəfər olaraq proqnozlaşdırılır. Ümumilikdə, ölkə əhalisinin 21 faizi sosial təminat vasitəsilə əhatə olunacaq. 2019-cu il ərzində Azərbaycanda məşğulluq tədbirlərinin təxminən 250 min nəfəri əhatə etməsi gözlənilir.
Milli Məclis sədrinin I müavini , parlamentin Təhlükəsizlik komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, 2019-cu ildə müdafiə və təhlüksəzilik xərcləri üçün 3,037 mlrd. manat vəsait nəzərdə tutulub ki, bu da 2018-ci llə müqayisədə 132,4 mln. manat çoxdur. O deyib ki, Azərbaycan Ermənistanla müharibə şəraitində olan dövlətdir və müdafiə olunmaq üşün bu sahəyə vəsait ayırması başadüşüləndir.
Vitse-spiker onu da vurğulayıb ki, Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertlərdən tam imtina etmək düzgün deyil: "Bu gün dünyada neftin 57 faizi yanacaq kimi istifadə olunur. Hazırda dünyada elektrik enerjisi ilə çalışan nəqliyyat vasitələrinin istehsal olunduğunu nəzərə alsaq, 10-15 ildən sonra yanacağa olan tələbat 57 faiz azalacaq. O zaman neftin qiymətində azalmalar müşahidə olunacaq. Belə olan vaxtda niyə biz neftimizi dünya bazarına çıxarıb ondan əldə etdiyimiz gəlirlər hesabına iqtisadiyyatımızı genişləndirməyək?”.
2019-cu ilin büdcə zərfi ilə bağlı layihədə dövlət büdcəsinin gəlirləri 22,9 milyard manat, xərcləri isə 24,7 milyard manat səviyyəsində proqnozlaşdırlır.
Bu, 2018-ci ilin büdcəsinə nisbətən gələn ilin büdcəsinin təxminən 3 milyard manat artırıqdır. Büdcə layihəsində təhsil, səhiyyə, ekologiya və s sahələrə ayrılan vəsaitlərin arırılması nəzərdə tutulub.
2019-cu il üçün ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində müəyyən edilib.
Növbəti il üçün yaşayış minimumun ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat müəyyən edilməsini nəzərdə tutulub.
2018-ci il üçün ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının yuxarı həddi 130 manat, yaşayış minimumunun ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat müəyyən edilib.
Meydan Tv
Deputat gömrükdə 27 milyard manatın mənimsənildiyini deyir
Oxşar xəbərlər